Kateqoriyasız

Kapitandan etiraf: “Buna görə 4 aydan çoxdu qələbə qazana bilmirik”

“Çoxdandı qələbə qazana bilmirik. 3 xala həsrət qalmışıq. Yaxşı oynadığımız oyunlar da oldu. Ancaq həmin oyunlar da nəticə baxımından ürəkaçan olmadı. Bu da komandaya psixoloji təsir edir. Çalışırıq ki, bu tilsimi qıraq”.

Bu  sözləri İdmanxeber.az-a açıqlamasında “Səbail”in kapitanı Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu oktyabr ayından bu yana qələbə qazana bilməmələrinin səbəbləri haqda danışıb. 33 yaşlı yarımmüdafiəçi bunu heyətin kasad olması ilə əlaqələndirib:

“Biz elə bir oyun olmayıb ki, ard-arda eyni heyətlə meydana çıxaq. Komandada oyunçu kasadlığı var. Bura əlavə olaraq qırmızı kart, sarı kart limitinə düşən futbolçular, zədəliləri də daxil etsək, bizə çox çətin olur. Belə olanda da növbəti oyuna tam heyətlə çıxmaq olmur. Düşünürəm ki, bu da səbəblərdən biridi”.

“Səbail” növbəti tur “Keşlə” ilə qarşılaşacaq. Əmirquliyev bu matçda “qara zolaq”dan çıxmaq üçün əllərindən gələni edəcəklərini bildirib:

“Keşlə” ilə oyun bizim üçün fürsətdi ki, həm bu vəziyyətdən çıxaq, həm də xal fərqini azaldaq. Düzdü, çətin olacaq. Çünki onlar da bir müddətdi ki, qələbə qazana bilmirlər. “Keşlə” bizi məğlub etmək niyyəti ilə gələcək. Lakin bizim üstünlüklərimizdən biri öz meydanımızda oynamağımızdı. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Bu bizim üçün vacibdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43