Müsahibə

Kapitandan etiraf: “Uşaqlar Reynaldonun yoxluğunu hiss etdirməməyə çalışdırlar, alınmadı” (MÜSAHİBƏ)

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində İngiltərənin “Tottenhem”ə 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

– Minimal fərqlə məğlub oldunuz…

– Çətin və gərgin oyun alındı. Çoxdan idi ki, evdə belə oyun keçirmirdik. Rəqibin səviyyəsi sözünü dedi. Biz də öz növbəmizdə mübarizə apardıq. Rəqibin hücumlarının qarşısını almağa çalışdıq. Təəssüf ki, yenə də standart vəziyyətdən sonra qol buraxdıq və uduzduq.

– Komanda artıq bir neçə oyundur ki, standard vəziyyətdən qol buraxır…

– Unutmayaq ki, biz boy baxımından ucaboy futbolçulara malik “Monako”, “Tottenhem” və “Anderlext”dən geri qalırıq. Həm də o futbolçuların qiyməti 10-15 milyondur. Biz isə sadəcə, texnikamızla fərqlənirik. Ona görə də belə rəqiblərlə görüşlərdə standart vəziyyətlər bizim üçün problem olur. Bu oyundada 15-ə yaxın küncə zərbəsi oldu, cəmi 1-də rəqib fərqləndi.

– Reynaldonun yoxluğu özünü göstərir?

– Onun yoxluğu hər zaman özünü göstərir. Reynaldo bizim üçün vacib futbolçudur. Hücumlar, əks-hücumlar zamanı o, çox faydalı idi. Uşaqlar bu oyunçunun yoxluğunu hiss etdirməmək üçün çox çalışırlar. Sadəcə, alınmadı. Heç-heçə edə bilərdik. Bunun üçün imkanlarımız da oldu.

– Bundan sonrakı şanslarınızı necə qiymətləndirə bilərsiniz?

– Səhv etmirəmsə, mərhələ adlamağımız üçün bizə Belçikada “Anderlext” üzərində 1:0 hesablı qələbə də bəs edəcək. Çətin olacaq. Amma sonadək mübarizə aparacağıq.

– Buraxdığınız qoldan sonra stadion boşalmağa başladı…

– Ola bilsin ki, oyundan sonra olacaq qarışıqlığa görə tez gediblər. Amma qoldan sonra bizi daha çox irəliyə səsləməyə başladılar. Qrup mərhələsinin bütün ev oyunlarında azarkeşlərdən yaxşı dəstək gördük. Buna görə onların hamısına minnətdaram. Fikrimcə, ev oyunlarında layiqli çıxış etdik. Beş turdan sonra daha çox xal toplaya bilərdik. Bu mövsüm heyətlə bağlı çoxlu problemlərimiz, itkilərimiz oldu. Ansi Aqolli bu oyunda zədəsini tam sağaltmamışdı, Armenteros yenicə qayıtmışdı və başqa bir neçə nümunə də demək olar. Nəticəsi isə göz qabağındadır.

– Özünüzü zədədən sonra necə hiss edirsiniz?

– Hələ zədəmi tam sağaltmamışam. “Neftçi”yə qarşı oynamayacam.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43