Milli komanda

“Kapitanlıq sarğısını mənə verdisə… ” – Bədavi Hüseynov

“Rəqib oyuna çox yaxşı başladı. Standart vəziyyət zamanı onların hiyləgərliyini gözləmirdik. Nəticədə təəssüfverici qol buraxdıq”.

İdmanxeber.com-un məlumatına görə, bunu Azərbaycan yığmasının yarımmüdafiəçisi Bədavi Hüseynov deyib

Dünən Antalyada Qazaxıstan millisi ilə yoldaşlıq görüşü keçirən yığmamız meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Qarşılaşma ilə bağlı fikirlərini bildirən mərkəz müdafiəçisi məğlubiyyəti bu səbəblə izah edib: “Pis çıxış etmədik. Sadəcə, hücumları məntiqi sonluqla tamamlaya bilmədik. Açığı, düşünmürdük ki, rəqib ilk dəqiqələrdən hücuma atılar. İlk dəfə deyil ki, bu qədər qol epizodları əldə edir, onları boşa veririk. Hər halda, düşünürəm ki, oyunun taleyini bir künc zərbəsi həll etdi”.

Yığmamızın kapitanı Rəşad Sadıqov əvəzlənərkən kapitanlıq sarğısını məhz Hüseynovun qoluna taxıb. O isə bunu gözləmədiyini söyləyib: “Rəşad əvəzləndikdən sonra kapitanlıq sarğısının mənə verilməsi gözlənilməz oldu. Çünki matçdan əvvəl bu barədə danışmamışdıq və heç kim bunu mənə təklif etməmişdi. Düşündüm ki, ikinci hissədə kapitanlıq Kamran Ağayevə keçəcək. Çünki o, uzun illərdi millinin şərəfini qoruyur. Amma baş məşqçi sarğının mənə verilməsini qərara alıb. Fikrimcə, heç bir narahatlıq olmadı. Üstəlik, məsuliyyətim daha da artdı. Əgər Prosineçki kapitanlıq sarğısını mənə verdisə, deməli, gələcəkdə də mənə inanacaq”.

Baş məşqçi 6 dəyişiklik etdi. Meydana sonradan girənlər oyunumuzu gücləndirdilər. Xüsusən də, cinahlarımız gücləndi. Namiq Ələsgərov və Cavid Tağıyev oyuna yaxşı qoşuldular. Biz oyunu bərabərləşdirməyə, ikinci hissədə rəqibi öz qapısına sıxmağa çalışdıq. Təbii ki, bunu ilk dəqiqələrdən etsəydik, daha yaxşı olardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43