16 Sentyabr 2024
Kateqoriyasız

Kapsa dayandı, Popoviç irəliləyir

Azərbaycan Premyer Liqasının 22-ci turu “Simurq”un qapıçısı Pavel Kapsanın “quru” seriyasının qırılması ilə əlamətdar olub. 2015-ci ilin əvvəlki 3 oyununda qol buraxmayan polşalı “Qarabağ”la matçın 21-ci dəqiqəsində topu qapısında görüb. Reynaldo Silvanın qoluna qədər “Xəzər Lənkəran” (2:0), “Neftçi” (0:0) və “Qəbələ” (2:0) ilə qarşılaşmalarda qapısını toxunulmaz saxlayan Kapsanı sonuncu dəfə “Bakı” məyus etmişdi. Ötən il dekabrın 22-dəki matçın (5:2) 70-ci dəqiqəsində Nurlan Novruzov fərqlənmişdi. Pavel 311 dəqiqədən sonra qol buraxıb.

Kapsanın seriyası qırıldıqdan sonra 2015-ci ildə qol buraxmayan yeganə komanda “Sumqayıt”dır. Andrey Popoviç “İnter”, “Bakı” və AZAL-la görüşlərdə qapısını toxunulmaz saxlamaqla 0:0 hesablı heç-heçələrdə rol oynayıb. 18-ci turun “Qarabağ”la matçında (0:2) iştirak etməyən qolkiper sonuncu dəfə ötən il dekabrın 18-də “Qəbələ” ilə görüşdə (1:1) qapısında qol görmüşdü. Cavid Hüseynovun 86-cı dəqiqədəki qolundan sonra Popoviç 274 dəqiqəlik “quru” seriyaya malikdir.

Qeyd edək ki, mövsümün rekordu Səlahət Ağayevə məxsusdur. “İnter”in qapıçısı qapısını 535 dəqiqə toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43