Ölkə futbolu

“Kəpəz” 3 legionerlə müqavilə imzalayır (ÖZƏL)

Azərbaycan Premyer Liqasında cari mövsümün başa çatmasının ardınca heyətindəki aparıcı futbolçularla yollarını ayıran və daha çox gənc oyunçularla anlaşan “Kəpəz” yaxın günlərdə yeni transfer xəbərləri ilə azarkeşlərini sevindirəcək.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gəncə klubu heyətini 3 əcnəbi futbolçu ilə gücləndirəcək. Mərkəz müdafiəçisi, yarımmüdafiəçi və hücumçu mövqeyində çıxış edən oyunçular birbaşa müqavilə bağlamaq üçün “sarı göylər”in təlim-məşq toplanışı keçəcəyi Ərzurum şəhərinə yollanacaqlar.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Kəpəz”in baş məşqçisi Şahin Diniyev xəbəri təkzib etmədi: “Bəli, Ərzurumda heyətimizə yeni futbolçular qatacağıq. Ancaq bildiyiniz kimi legioner futbolçular bizim ən həssas olduğumuz mövzudu. Çünki biz heyətimizə əcnəbi futbolçu cəlb edəndə hər zaman ən doğru seçimi etməyə çalışmışıq. Bldiyiniz kimi bizim müdcəmiz super transfer etməyə imkan vermir. Bu səbəbdən az pulla yaxşı iş görmək məcburiyyətindəyik”.

Təcrübəli mütəxəssis “sıralarınıza cəlb edəcəyiniz futbolçular Renan Alveş, Dario Frederiko kimi azarkeşkərin rəğbətini qazana biləcəkmi?” sualına isə belə cavam verdi: “Əlimizdən gələni edəcəyik. Ancaq gəlin etiraf edək ki, Dario və Renan “Kəpəz”ə gəldikdən sonra Dario və Renan kimi tanındı. Çünki onlar hər ikisi yeni gələndə taktiki cəhətdən meydanda öz yerlərini tapmaqda çətinlik çəkirdilər. Əziyyətimiz sayəsində onlar komandaya xeyir verməyə başladılar. Sonda onu da qeyd edim ki, onlar hər ikisi maksimum gücü “Kəpəz”də yığdıqdan sonra Cənubi Koreya və Serbiya çempionatlarına yollanıblar. “Azərbaycan çempionatında çıxış edən futbolçu yüksək liqalarda top qova bilməz” düşüncəsinin yanlış olduğunu sübut etdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43