İdman

“Kəpəz” haqqının yeyilməsindən şikayətləndi: “Hər şey göz qabağındadı” – RƏSMİ AÇIQLAMA

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Kəpəz” – “Keşlə” matçında rəqibinə minimal hesabla uduzan meydan sahibləri hakim idarəçiliyindən narazıdı.

İdmanxeber.com-un məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Azad Rəfi “facebook” sosiyal şəbəkəsində oyunun 82-ci dəqiqəsində yaşanan mübahisəli epizodu paylaşaraq “İlkin Sadıqov və Denis Silva yan-yana gələnə qədər “Keşlə”nin futbolçusu Cabir Əmirlinin hərəkəti qayda pozuntusu deyilmi? Bu videonu özümüzü məğlubiyyətdən siğortalamaq üçün yaymırıq” ifadələrinə yer verib.

Məsələyə tam aydınlıq gətirməsi üçün klub rəsmisi ilə əlaqə saxladıq. Azad bəy hakimlərin belə epizodlarda daha diqqətli olmalarını istədiklərini bildirdi: “Görüntü göz qabağındadı. Futbolçumuz İlkin Sadıqov cərimə meydançasına daxil olur və Denis Silvanın onun tutub saxlamasından əvvəl Cabir Əmirli ona ayaqla toxunur. Hər şey göz qabağındadı. Biz məğlubiyyətə “don” geyindirmirik. Sadəcə belə vəziyyətlərdə daha düzgün qərar qəbul etmək olardı”.

Qeyd edək ki, “Kəpəz” – “Keşlə” matçının baş hakimi Rəvan Həmzəzadə əvvəllər də bəzi matçlarda yanlış qərar verməsi ucbatından tənqid olunub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43