Ölkə futbolu

“Kəpəz” – “Zirə”: Məşqçi fikirləri

Azərbaycan Premyer Liqasının II turunda keçirilən “Kəpəz” – “Zirə” oyunu 1-1 hesabı ilə başa çatdı. Oyunda hesabı meydan sahibi açsa da, əlavə olunmuş dəqiqələrdə “Zirə” bərabərlik qolunu vura bildi.

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Məni doğum günüm münasibəti ilə xüsusi təbrik edən “Kəpəz” rəhbərliyinə təşəkkür edirəm. “Kəpəz” mənim üçün doğma komandadır. Gəncə şəhərinə böyük futbolun qayıtması münasibəti ilə azarkeşləri təbrik edirəm.

Oyuna gəldikdə, biz mübarizə apardıq. Məqsədimiz qələbə qazanmaq idi. Amma 1 xal qazana bildik. Düşünürəm ki,  hesab oyuna görə oldu”.

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Çox ağır oyun oldu. Emosiyaların ön planda olduğu oyundan sonra analiz etmək, danışmaq çətindir. Amma deməliyəm ki, biz bu gün 2 xal itirdik. Əgər komanda qol vəziyyəti yarada bilmirsə, o zaman heç-heçəyə sevinmək olar. Lakin biz çox sayda qol epizodu yaratsaq da, bunlardan birindən maksimum istifadə etdik. Futbolçulara etirazım yoxdur. Oyunçular isti havada meydançanın hər qarışı üzrə mübarizə apardılar. Qısa zaman ərzində biz oyun formalaşdıra bilmişik. Bəzi çatışmazlıqlar zaman keçdikcə aradan qalxacaq. Bu gün Gəncədə futbol bayramında bizimlə olan hər kəsə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43