Ölkə futbolu

“Kəpəz”i Gəncəyə xalsız yola salan futbolçu: “Vurduğum qolu qızıma həsr edirəm”

“Üç oyun idi qələbə qazana bilmirdik. Turnir cədvəlinin ikinci pilləsindən 5-ci yerə yuvarlanmışdıq. Bu səbəbdən oyunöncəsi həyəcan var idi. Lakin bu gün vacib qələbə qazandıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in futbolçusu Nizami Hacıyev Azərbaycan Premyer Liqanın 22-ci turunda “Kəpəz”ə qalib gəldikləri oyundan sonra “CBC Sport” kanalına açıqlamasında deyib.

28 yaşlı futbolçu vurduğu qolu yenicə doğulmuş qızına həsr etdiyini bildirib: “Qolun kimin vurmasının fərqi yoxdur. Əsas qələbə qazanmaq idi ki, bunu da bacardıq. Bütün azarkeşlərimizi təbrik edirəm. Bu, komandada çalışan hər kəsin əziyyətinin bəhrəsidir. Dünən gecə qızım dünyaya göz açıb. Vurduğum qolu da ona həsr edirəm”.

Azərbaycan Premyer Liqanın növbəti turunda qarşılaşacaqları “Qarabağ”la görüşə də toxunan N.Hacıyev bunları deyib: “Qarabağ”la bizi ağır oyun gözləyir. Ancaq çempionatda hər bir oyuna hazır olmalıyıq. Rəqibin kimliyindən asılı olmayaraq meydana çıxıb, qələbə üçün əlimizdən gələni etməliyik”.  

Qeyd edək ki, “İnter” matçın 55-ci dəqiqəsində Nizami Hacıyevin vurduğu qol sayəsində “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43