Ölkə futbolu

“Kəpəz”in futbolçusu: “Tezliklə bu böhrandan çıxmalıyıq”

Azərbaycan Premyer Liqasında mövsümün qış fasiləsindən sonrakı hissəsinə “Kəpəz” yaxşı başlaya bilmədi.

İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” əvvəlcə “İnter”ə, daha sonra “Zirə”yə uduzdu.

Gəncə klubunun kamerunlu futbolçusu Julien Ebah klub saytına açıqlamasında komandanın uğursuz çıxışı haqda danışıb: “Startda belə nəticələr bizi məyus edir. Uduzmağımız təlim-məşq toplanışını Bakıda keçməyimizlə bağlı ola bilməz. Əksinə, paytaxtda yaxşı hazırlıq keçmişik, başa düşürdük ki, çəkdiyimiz əziyyət mövsümün ikinci hissəsində uğurlu çıxış etmək üçün olduqca vacibdir. Çünki yaxşı nəticə qazanmaq üçün yaxşı da bünövrəyə ehtiyac var. Əminəm ki, hazırlıq dövründə baş məşqçimizin bütün tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmişik. Odur ki, uğursuzluğa düçar olmağımız olduqca üzücüdür”.

Ebah komandanın düşdüyü vəziyyətdən tezliklə çıxacağına inandığını bildirib: “Bizim hədəfimiz var, ona görə də bu son iki dövrədə daha çox xal toplamalıyıq, çünki ötən il çoxlu xallar itirdik. Çempionatın əvvəlində komandaya yeni oyunçular cəlb olunmuşdu, onların adaptasiyası üçün vaxt lazım idi. Bizim səviyyəli və keyfiyyətli futbolçularımız var, “Kəpəz” güclü heyətə malikdir. Özümüzü sübut etməli, bizə göstərilən etimadı doğrultmalıyıq. Ona görə də tezliklə bu böhrandan çıxmalıyıq. Özüm və yoldaşlarım adından söz verirəm ki, qarşıdakı oyunlarda komanda üçün ən yaxşısını etməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43