Premyer Liqa

“Kəpəz”in istəyi, “Neftçi”nin acizliyi (TƏHLİL)

Topaz Premyer Liqasının XIII turunun açılış matçı Gəncədə oldu. Burada "Kəpəz" tarixinin ən pis günlərini yaşayan "Neftçi"ni qonaq etdi.

Son həmlə kimi…

Gəncə təmsilçisi bu matça son oyun kimi baxırdı. Qeyri-stabil çıxışı ilə cari mövsümdə keçirdiyi 12 matçda cəmi 13 xal toplayan komandanın bu durumu istər rəhbərliyi, istərsə də azarkeşlərin narahatçılığına səbəb oldu. Məhz buna görə də, oyundan öncə Diniyevin bu matçda da "Kəpəz"in qələbə qazanmayacağı təqdirdə postundan getmək variantları səslənirdi. Lakin hadisələr başqa istiqamətdə cərəyan etdi. Bərbad qazon və möhtəşəm azarkeş Gəncə şəhər stadionun qazonu idealdan da uzaq bir səviyyədə idi. Bunu 90 dəqiqə boyunca yaradıcı futbol nümayiş etdirmək istəyən futbolçuların bu istəyinə nail ola bilməməsindən sonra bir daha təsdiqlədik. Lakin bərbad qazon fonunda tribunalar gözəllik saçırdı. Premyer Liqamızda yeganə komanda "Kəpəz"di ki, ev oyunlarına minimum 5000 tamaşaçı toplaya bilir.

Hirs və nəticəsi…

Ömər Paşayevin start fitindən dərhal sonra "Kəpəz" hücuma atıldı. Komanda gah sağ, gah da sol cinahlardan "Neftçi" müdafiəsində boşluq yaxalamağa çalışırdı. Görüşün ilk 20 dəqiqəsində rəqibini onun meydanına sıxışdıran "Kəpəz" bundan sonra daha da fəallaşdı. "Ağ-qaralar"ın müdafiəyə "oturması" Şahin Diniyevin komandasını daha da cürətləndirdi. Və bunun məntiqi nəticəsi kimirəqib qapısında təhlükəli anlar ard-arda artmağa başladı. Qarşılaşmanın 27-ci dəqiqəsind isə səhnəyə Orxan Əliyev çıxdı. "Neftçi"nin müdafiəçisindən sıyrılan Əliyev hiyləgər zərbə ilə hesabı açdı. Özünə gəlməyə çalışan "Neftçi" ilk 45 dəqiqədə hesaba tarazlıq gətirməyə çalışsa da, buna gah Simaitis, gah da qeyri-dəqiqlik mane oldu.

Rahatlaşdiran qol…

İkinci hissəyə də üstün başlayan “Kəpəz” rəqib üzərindəki basqının nəticəsini tez bir zamanda görə bildi. Gəncə klubunun afrikalı forvardı Ebah paytaxt komandasındakı çaş-başlıqdan maksimum istifadə edərək fərqi artırdı – 2:0. Bu qol artıq 3 xalın qazanıldığına bir işarə idi.  

Bundan sonra gəlmələrin əl-ayağı açıldı desək yanılmarıq. Məhz “Kəpəz”in 2-ci qolundan sonrakı rahatçılığı “Neftçi”nin oynamasına mzəmin yaratdı. Di gəl ki, “Neftçi”nin fəallıqı nəticədə öz əksini tapmadı.

Xüsusən də “Neftçi”nin cinah müdafiəçiləri hücuma qoşulmaqda çətinlik çəkirdi. İkinci yarıda bir real qol imkanı olan paytaxt komandasında futbolçuları arasındakı anlaşma olduqca aşağı səviyyədə idi.

Matçın yalnız on yarım saatında özünə gələn “Neftçi” “Kəpəz” azarkeşlərinə həyəcanlı dəqiqələr yaşatmağa başladı.  Rəqib qapısına edilən həmlələr nəticəsiz qalınca “Neftçi”nin cari mövsüm üçün məğlubiyyət sayı 10-a çatmış oldu.

Acı reallıq

Bu matçda “Neftçi” üzvlərinin istəksiz olması gözdən yayınmadı. Komanda ruhunun olmadığı “ağ-qaralar”da sanki futbolçular  mübarizə aparmaq istəmirdi. Hətta bir neçə epizodda Ömər Paşayevin haqsız qərarları belə onları narahat etmirdi. Nə mübarizə yox idi, nə də haqlı ikən etiraz etmək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43