Ölkə futbolu

“Kəpəz”in kapitanı: “1 oyuna görə futbolçunu tənqid etmək olmaz” – MÜSAHİBƏ

"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov İdmanxeber.com-a müsahibə verib. Komandasının yeni kapitanı olan 28 yaşlı oyunçu Azərbaycan Premyer Liqasının I turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt"la görüşdən danışıb.

 

– Şəhriyar, oyun haqda fikirlərin nədi?

– Şablon da olsa bunu deməliyəm, çempionatın I turunun matçları hər zaman çətin keçir. Daha əvvəl yoldaşlıq görüşlərində meydana çıxmışdıq. Komanda normal təsir bağışlamışdı. "Sumqayıt"la matçın ilk hissəsində mən deyərdim, bir o qədər yaxşı oynamadıq. İkinci hissədə isə müəyyən qədər öz oyunumuzu tapırdıq. Hətta bərabərlik qolunu da vurduq. Rəqib bizi ikinci dəfə cəzalandırdıqdan sonra isə oyunu geri qaytarmaq çətin oldu.

– Əvvəlki 2 mövsümlə müqayisədə səncə də "Kəpəz" nisbətən zəif deyil?

– Açıq danışsaq, heyətlərə nəzər salanda, komandadan ayrılan futbolçular daha təcrübəli idilər. Məsəlçün Dari Frederikonu misal gətirə bilərəm, komandanı arxasınca apara biləcək gücdə idi. Bu mövsüm isə baş məşqçimiz oyun təcrübəsi çox olmayan, belə desək, qələbəyə "ac" futbolçulara güvənir.  Mən də düşünürəm ki, ikinci hissədə oynadığımız futbol gələcəyə nikbin baxmağa imkan yaradır. 

– Yeni legioner futbolçularınız haqda təəsuratların necədi? Xüsusi ilə sənin kimi müdafiəni qoruyan komandaya yeni cəlb olunan Dedimar Fereyra haqda nə düşünürsən?

– İlk öncə onu vurğalamaq istərdim ki, dünənki qarşılaşmada müdafiəçilərimiz yaxşı oynamadı. Fereyra da həmçinin. Amma sizə bir şeyi deyim ki, adıçəkilən futbolçu yoxlama görüşləri zamanı özünü yaxşı tərəfdən göstərirdi. Hər halda toplanışda Fereyra belə oynasaydı, baş məşqçimiz də ona xüsusi tapırıqlarını verərdi. İnşallah, gələn oyunlarda düzələr. Çünki 1 oyuna görə futbolçunu tənqid etmək yaxşı olmazdı. 

– Komandanı meydana kapitan sarığısında çıxarmaq necə bir hissdi?

– Kapitan olmaq o demək deyil ki, təkcə qolunda sarğı olmalıdı. Kapitan olmaq böyük məsuliyyət tələb edir. Üstəlik heyətimiz çox dəyişib, cavan futbolçularımızın sayı da artıb. İstəyərəm ki, onlara da yaxşı örnək olum. Demirəm, hər şeyi bacara bilərəm. Amma maksimum dərəcədə əlimdən gələni edəcəm ki, kapitanlıq borcumu yerinə yetirim. 

– Bu mövsüm komandanın hədəfi nədən ibarətdi?

– Ümumi götürəndə Premyer Liqada 3-cü mövsümdü ki, çıxış edirik. Birinci ilimizdə qarşımıza məqsəd qoydular ki, ən azı 6-cı, 7-ci yeri tutun, komanda formalaşsın. Elə oldu ki, biz Avropa Liqasına vəsiqə qazandıq və böyük məsuliyyətin üstəsindən gəldik. Məhz bunagörə də, hər zaman bizdən gözləntilər böyükdü. İnşallah, Avrokuboklara düşməyə çalışacağıq.

 

Hidayət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43