İdman

“Keşlə”nin Avropa Liqasına buraxılmaması ehtimalı var – RƏSMİ

Azərbaycan kubokunun finalına vəsiqə qazanan “Keşlə” Avroliqaya buraxılmaya bilər.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb milli assosiasiyanın Lisenziya Komissiyasının bu gün keçirilən iclasında paytaxt təmsilçisinə müvafiq lisenziyanı verməməsidir

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın Klub Yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir.  Məlum olduğu kimi, “Keşlə” PFK “İnter” PİK-in davamçısı qismində Topaz Premyer Liqasında iştirak edir. AFFA bu məsələ ilə bağlı “Keşlə” PFK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün  prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Hazırda UEFA təqdim olunmuş sənədlərin araşdırılması ilə məşğuldur və yaxın zamanda rəsmi cavabı AFFA-ya ünvanlayacaq. Bunu nəzərə alaraq, “Keşlə” PFK-ya lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43