Kateqoriyasız

Klublar təmirə dayandı – YAZI

Bu da bizim türklər demiş, sezon finalı. Daha bir futbol mövsümü bitdi. Çempionat bu dəfə canımızı ala-ala, özü də can verə-verə finişə çata bildi. Mövsümün əvvəlində işlər yağ kimi gedirdi. Adam yatsa heç yuxusuna da girməzdi ki…

Təsadüfə bax ki, ölkədə əksər binaların üzlüklərinin dəyişdirilməsi sezon finalı ilə eyni vaxta düşdü. Son illər təkcə Bakıda deyil, digər şəhərlərimizdə də binaların fasadları penoplast üzlüklərlə bəzədilirdi. İnsafən, kənardan baxanda pis də görünmürdü. Lakin paytaxtın Binəqədi rayonunda baş verən faciəli yanğından sonra məlum oldu ki, penoplastın yalnız üstü bəzək imiş, içi isə…

İndi həmin bəzəkli binaların üzləri əlimyandıda penoplastdan təmizlənir. Hər gün bu mənzərəni görəndə milli Premyer Liqamız gözümün qabağına gəlir. Belə görünür ki, futbol çempionatımız da, klublarımız da üstdən penoplastla bəzənibmiş. “İnter”in yalnız adı, “Neftçi”nin ancaq yaşı varmış. “Bakı” elə Yaşar Seyidovdan ibarət imiş. “Simurq”un isə ümumiyyətlə, heç nəyi özünün deyilmiş. “Xəzər Lənkəran”ın da bircə azarkeşləri varmış…

Penoplastı sökülən klublarımız təmirə dayanıb. Amma hələ heç kim dəqiq bilmir ki, bu çətin və xeyli pul tələb edən işi kim öz boynuna götürəcək. Kimdi ilin-günün bu vaxtında “İnter”in, “Simurq”un üzünü ağardan. “Neftçi” sökülüb təzədən yığılmalıdı, yəni təkcə təmirlə iş bitmir. Klubda gərək əməlli-başlı təmir-bərpa işləri aparıla.

“Xəzər Lənkəran”ın taleyi həmişəki kimi fələkdən asılıdı. Nə bahalı legionerlər, nə hapa-gopa basan yerlilər klubun dərdinə dərman oldu. Lənkəranın öz yetirmələrinin isə “Simurq”dakı həmyaşıdlarına belə qalib gəlməyə gücləri çatmadı. Hələ mən başqa şeyləri çatmadı yaza da bilərdim…

Eşitdiyimə görə, “Xəzər Lənkəran”da təmir işləri bir az daha tez başlayacaq. Birinci də elə baş məşqçini dəyişəcəklər. Klub rəhbərliyinin bu məsələdə fikri qətidən də qətidir. “Ağ-yaşıl”ların bahalı və rahat avtobusunda Elbrus Məmmədovun yerində oturacaq təzə adamın adı da artıq bəllidir. Yeni baş məşqçinin adını bu anda hələ dəqiqləşdirə bilməsəm də sonuncu iş yerinin harda olduğunu öyrənmişəm. O, buna qədər “Sum-17″ həvəskarlardan ibarət komandada top qovan futbolçuların maykalarına nömrə yazıb. Özü də deyirlər ki, zalım oğlu bunu əla bacarır.

Klubda başlanacaq bu təmir işindən cənublu fanatlar yəqin ki, ilk günlər narazılıq edəcəklər. Yenə səs-küy, şüar-filan aləmi başına götürəcək. Rəhbərliyin isə öz arqumenti var, azarkeşlər narazılıq edən kimi deyəcəklər ki, sizin üçün nə fərqi var, elə də böyük dəyişiklik olmayıb axı, Elbrus Məmmədov gedib, yerinə futbolkalara nömrə yazan gəlib də…

Şəxsən mənin üçün o qədər də böyük fərqi yoxdu, bizim Məşədi İbad demişkən, o olmasın, bu olsun. Amma başqa məsələ yaman narahatlıq yaradır. Əgər “Xəzər Lənkəran”da təmir işləri belə aparılacaqsa, görün digər klublarımız nə gündə olacaq. İşlər belə getsə, deyəsən üstü bəzəkli Premyer Liqamıza, penoplastlı klublarımıza hələ çox həsəd aparacağıq…

Etibar Cəbrayıloğlu –  “Het-trik news” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43