Layihə

Klublarımız yeni mövsümə necə hazırlaşır? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 12-ci yazısı.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 266 gün davam edən  2016-2017 mövsümünün başa çatmasının ardınca istirahətə buraxılan komandalar yeni mövsümün hazırlıqlarını davam etdirirlər. 8 komandanın çıxış etdiyi elitada demək olar, iddialar dəyişilməz olaraq qalır. Mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparanlardan tutmuş, autsayderlərə qədər. Daha dəqiq desək, böyük ehtimalla ötən ilki ssenarini yeni mövsümdən etibarən də görəcəyik. Budəfəki yazımızda Premyer Liqada çıxış edəcək komandaların hazırlıqları ilə bağlı planlarını müzakirə edəcəyik. Lakin yeni mövsümdə Premyer Liqada debüt etməsi gözlənilən “Səbail” barədə bu yazımızda məlumat olmayacaq. Sözügedən klubla bağlı növbəti yazımızda geniş şəkildə məlumat veriləcək.

"Qarabağ"

Son 4 ilin dəyilişməz çempionu olan "Qarabağ"ın yeni futbol ilində də öz taxtını başqa komandaya verməsi real görünmür. Avstriyada təlim-məşq toplanışı keçən Qurban Qyrbanovun yetirmələri hazırlıq prossesi çərçivəsində Rusiyanın "Axmat" (0:1), Bolqarıstanın ÇSKA (2:5) və Danimarkanın "Brondbü" kollektivlərinə (1:5) qarşı keçirdiyi oyunlarda ümumilikdə 11 qol buraxaraq uduzması "köhlən atlar"ın yaxşı formada olmamasını göstərmişdi. Ancaq Çempionlar Liqasnın II təsnifat mərhələsində "Samtredia" ilə görüşlərdə ölkəmizi təmsil edən Ağdam klubunun sərgilədiyi oyun və inamlı qələbələr Avstriyadakı məğlubiyyətlərin təsadüfü, ya da hər hansı bir siyasət olduğunu sübut etdi. Anton Kanibolotski  (Şaxtyor, Ukrayna), Yakub Jezniçak ("Legiya", Polşa), Vild-Donald Gerye ("Alanyaspor", Türkiyə) kimi legionerlərlə gücünə güc qatan "Qarabağ"ın yeni mövsümdə də  çempionluğa oynayacağı şübhə doğurmur. Komanda hazırda Surxanı qəsəbəsində yerlərən bazasında Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Şerif"lə oyunun hazırlıqlarını sürdürür.

"Qəbələ"

Bu yolda Qurban Qurbanovun komandasına tək rəqib ola biləcək klub kimi "Qəbələ"ni misal gətirə bilərik. Son 4 ildə 3 bürünc 1 gümüş medalla kifayətlənən şimallıların iddilılar sırasında yer alacağı aşkardı. İcarə müddəti başa çatan Teo Uiks, Nika Kvekveskiri, Sergey Zenyov, Daniel Subotiç, Rəşad Sadiqov kimi futbolçularla yollarını ayıran "Qəbələ"nin transfer siyasətinə nəzər salsaq, vəziyyətin normal olduğunu görərik.  Belə ki,  Xavi Ernandes Qonzales ("Qurnik Lençna", Polşa), Stiven Jozef-Monroz (“Brest”, Fransa), Dion Malone ("Den Haaq", Hollandiya), Endi Hallidey ("Reyncers", Şotlandiya: icarəyə), Famussa Kone ("Göztəpə", Türkiyə: icarəyə) və Deyv Bultuis ("Nürnberq", Almaniya) kimi əcnəbi futbolçularla müqavilə bağlayan "qırmızı qaralar"ın cari mövsümdə də planlarının böyük olmasından xəbər verir. Son ölkə çempionu kimi Roman Qriqorçukun komandası da yeni mövsümə hazırlığa Avstriyada start verib. Toplanışa Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində başlayan komanda 15 günlük hazırlığın ikinci yarısını Zalsburqda davam etdirib. Ümumilikdə 8 yoxlama oyununda qüvvəsini sınayıb. Eynən "Qarabağ" kimi  yoxlama görüşlərində məğlubiyyətləri sıralayan "Qəbələ" II təsnifat mərhələsindən start verdiyi UEFA Avropa Liqasında uğurlu çıxış edərək Polşa təmsilçisi "Yagelloniya"nı relsdən çıxardı. Növbəti turda 2 il öncə qarşılaşdığı "Panatinaikos"a rəqib son ölkə kubokunun finalçısı hazırda bu oyun üçün hazılraşır.

"İnter"

Yeni mövsümə hazırlaşan Azərbaycan klubları arasında ən çətin missiya "İnter"in üzərinə düşür desək, yanılmarıq. Hazırlıq prossesini Türkiyənin Bolu şəhərində keçən komandamız UEFA-nın transfer qadağası səbəbindən sıralarına yeni futbolçular cəlb edə bilmir. Bununla belə Avroliqanın ilk mərhələsini uğurla adlayan, lakin ikinci turda mübarizəni dayandıran "bankirlər"i yeni mövsümdən etibarən müəyyən dəyişikliklər gözləyir. Klubun sponsoru "Aqrokredit"in paytaxt təmsilçisi ilə müqaviləni uzatmaması, "İnter"in "İnter Arena"dan didərgin salınması ilə nəticələnib. Zaur Svanadzenin baş məşqçisi olduğu klub yeni mövsümün hazırlıq məşqlərini "Dalğa Arena"da davam etdirir. Komanda həmçinin yeni mövsümdən etibarən ev oyunlarını da Mərdəkan qəsəbəsindəki 6500 nəfərlik stadionda keçirəcək.

"Zirə"

"İnter" kimi yay toplanışını Boluda keçirən, ancaq "İnter"dən fərqli olaraq işləri qaydasında gedən "Zirə" elitada çıxış etdiyi 2 ildə də yaxşı nəticələr əldə edib. Hər zaman turnir cədvəlinin üst sıralarında qərarlaşan qəsəbə təmsilçisi də transfer bazarında ən fəallardandı. İsrail, Türkiyə, Polşa və İsveç çempionatlarında top qovan futbolçuları rənglərinə bağlayan zirəlilərdə hədəf ən azı bu il debüt etdikləri Avropa Liqasına vəsiqə qazanmaq olacaq. Avroliqa ilə tanışlıq ilində bir mərhələ keçməyə müvəffəq olan "qartallar" hazırda 2017-2018-ci il mövsümünə hazırlığı Bakıda davam etdirir.

"Kəpəz"

Ötən mövsüm Avropa Liqasına düşmək şansını son tura qədər saxlayan lakin son anda qitənin ikinci dərəcəli klub turnirindən kənar qalan "Kəpəz" də isə yeni mövsüm planları bir o qədər gələcək vəd etmir. Hər zaman maliyyə sıxıntıları ilə diqqət mərkəzinə düşən Gəncə klubunda vəziyyət dəyişilməz olaraq qalmaqdadı. Komandanın döyünən ürəkləri sayılan Renan Alveş və Dario Frederiko kimi futbolçularla yollarını ayıran qərb təmsilçisi boş qalan mövqelərə futbolçu transfer etsə də, yeni mövsümdən etibarən işinin çətin olacağını indidən deyə bilərik. Qapıçı Tadas Simaitisin yoxluğunu hələ ötən ilin sonlarından unutmağa başlayan Şahin Dİniyevin komandası, ara bir rəqib qapısına yol tapan Julien Ebahın əvəzləyicisini də tapıb. Dedimar Ferreyra, Serqey Çernışev, Samba Diallo və Viktor Laki "sarı-göylər"in yeni legionerləridi. lyas Səfərzadə, Kamran Abdullazadə, İlkin Sadıqov, Tural Cəlilov, Azər Məmmədov, Ruzi Qiyaslı, Aydın Qasımov transferləri ilə nə qədər uğur qazanmaq mümkün ola bilər, bunu isə zaman göstərəcək. Komanda hazırda Türkiyənin Ərzurum vilayətində təlim-məşq toplanışı keçir. Ötən mövsüm başa çatar-çatmaz "Kəpəz"in ev görüşlərini keçirdiyi Gəncə şəhər stadionunun təmirə bağlanması və yeni mövsümün ilk oyunlarına kimi hazır olmaması səbəbindən klub bir müddət "yuva"dan didərgin düşəcək. Belə ki, komanda mövsümün ilk yarısının əksər matçlarını səfərdə keçirəcək.  Ot örtüyü oyun üçün yararlı vəziyyətə gəldikdən sonra isə gəncəlilər azarkeşlərinə qovuşa biləcək.

“Sumqayıt”

Son mövsümdəki əzmkar çıxışlarıyla göz oxşayan “kimyaçılar” həm sumqayıtlıların, həm də futbol azarkeşlərimizin qəlblərini fəth edə bildi. Komandanın inamlı çıxışını görən rəhbərlik artıq daha bötük hədəflərə can atır. Mövsüm başa çatandan sonra transferlərə başlayan “kimyaçılar” bir neçə uğurlu transfer həyata keçirib. Görünüşə görə, komanda ötən mövsüm olduğu kimi bu il də yerli futbolçulara üstünlük verəcək. Lakin qarşısına böyük hədəflər qoyan klub rəhbərliyi 8 yerli futbolçu transfer etməklə buna nail ola bilməyəcəyini bilir.

Mövsüm başa çatdıqdan sonra transfer çalışmalarına başlayan komanda Tural Axundov, Vüqar Bəybalayev (“Kəpəz”), Cavid İmamverdiyev (“Neftçi”), Kamal Mirzəyev (AZAL), Rəşad Eyyubov ("Qəbələ"), Azər Salahlı ("Qarabağ"), Cavid Tağıyev ("Zirə") və Ramin Həsənovu ("Qəbələ": icarəyə) rənglərinə bağlaya bilib.

Komanda 2 mərhələli hazırlıq keçəcək. Hazırlığın ilk mərhələsini Bakıda tamamlayan “Sumqayıt” iyulun 15-də Türkiyənin Bolu bölgəsinə yollanıb. Ayın 29-a qədər qardaş ölkədə hazırlıq keçməyi planlayan komanda 4 yoxlama görüşü keçirəcək. Artıq bu matçların 2-də qüvvəsini sınayan Sumqayıt təmsilçisi “Osmanlıspor”a 2:1 hesabı ilə məğlub olub. Ikinci görüşdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Fateh”lə qarşılaşan “kimyaçılar” 7:0 hesablı qələbə qazanıb. Komanda növbəti oyunlarını ayın 23-ü “Sivasspor”a, 28-i isə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Taoun”a qarşı keçirəcək. Komanda son yoxlama oyunundan 1 gün sonra ölkəyə dönəcək.

“Neftçi”

Ötən mövsümə uğursuz start verən və həmin uğursuzluğun davam etdiyini görən “ağ-qaralar”ın rəhbərliyi qış fasiləsində heyəti legionerlər və yerli futbolçularla “doldurmağa” başladı. Lakin bu da komandanın “qara zolaq”dan  çıxmasına kömək etmədi. Bu səbəbdən mövsüm başa çatdıqdan sonra komanda düzgün siyasət yürüdərək, bir çox futbolçunu heyətdən kənarlaşdırdı. Yeni mövsümdə qarşısına daha ciddi məqsədlər qoyan komanda böyük hazırlıq planı tərtib edib. Komandanın hazırlıq planı 3 mərhələdən ibarətdir. Artıq Bakı toplanışına start verən “ağ-qaralar” bir neçə yoxlama oyununda qüvvəsini sınayıb. Komanda ilk oyununda “Kəpəz” 2:0 hesabı ilə məğlub olub. İkinci görüşdə “Binə” ilə qarşılaşan komanda 1:0 hesabı ilə qalib gəlib. Üçüncü yoxlama oyununda “Şüvəlan”la qarşılaşan “ağ-qaralar” Daniel Seqoviyanın dublu ilə 2:0 hesablı qələbə qazanıb. Komanda 4-cü yoxlama oyununda isə “Zirə”ni 1:0 hesabı ilə yenib.

İyulun 24-dən etibarən hazırlığa Avstriyanın Kirxdorf bölgəsində davam edəcək komanda ayın 26-da Almaniyanın “Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq. Komandanın Avstriyadakı digər iki oyundakı rəqibləri isə hələ məlum olmayıb. Avqustun 4-də Avstriyadakı toplanışı yekunlaşdıracaq komanda həmin gün Bakıya dönəcək.

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43