Layihə

Klublarımızın transfer siyasəti (LAYİHƏ)

AFFA yanında
Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili
yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə
işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı səkkizinci yazısı.

Ölkə
çempionatımızda 2016/2017-ci il mövsümü başa çatdıqdan sonra
komandalarımız  müəyyən müddətlik istirahəti
başa vurub, hazırlıqlara start verdi. Avrokuboklarda iştirak edəcək
komandalarımız məşq prossesinə daha tez başladı. Bu da anlaşılandı. Çünki sabahda
etibarən komandalarımız mübarizəyə başlayacaqlar.

Budəfəki
yazımızda Premyer Liqada çıxış edəcək komandaların heyətlərinə əlavə etdikləri
futbolçular və ümumilikdə transfer siyasəti barəsində danışacağıq. Ənənəmizə
sadiq qalaraq, ilk olaraq son ölkə çempionu və kubokun qalibi “Qarabağ”dan
başlayaq. Daha sonra son mövsümün turnir cədvəlinin sıralamasına uyğun olaraq
yazımıza davam edəcəyik.

“Qarabağ”

Mövsüm
sonunadək optimal heyətini qoruya bilməyən “Qarabağ” çətinliklərə baxmayaraq,
çempion ola bildi. Komanda qış fasiləsi zamanı aparıcı oyunçusu Reynaldonu
“Adanaspor”a satdı, daha sonra digər əsas oyunçusu Dani Kintana zədələndi. Lakin
Qurbanovun əzmkar heyəti soyuqqanlığını qoruyaraq mövsümü 2 titulla başa vurdu.

Başa çatan
mövsümdən sonra hər kəs “Qarabağ”dan ciddi transferlər gözləyirdi. Lakin hələ
ki, komandaya səs-küy doğuracaq transfer edilməyib. Komanda ilk olaraq “İnter”dən
yarımmüdafiəçi Abbas Hüseynovu, daha sonra Ukrayna “Şaxtyor”undan qapıçı Anton
Kanibolotskini heyətinə cəlb edib. Təbii ki, Çempionlar Liqasının qrupuna düşməyi
planlaşdıran bir komanda bu iki transferlə yetinən deyil. Lakin Qurban
Qurbanovun da necə təmkinli və səbrli olduğu hamıya bəllidir. Bu səbəbdən
komandaya yeni və güclü legionerlərin cəlb olunacağı dəqiqdir. Əslində, yaxın
günlərdə “Qarabağ”dan transfer xəbərləri eşidə biləcəyik. Yayılan məlumata görə,
komandanın Avstriyadakı düşərgəsində baxış üçün bir neçə legioner çağrılıb.  Lakin hələ ki, heç bir rəsmi müqavilə yoxdur.

Komandadan
ayrılanlara gəlincə, “köhlən atlar” İlyas Səfərzadə, Azər Salahlı, Vüqar
Mustafayev, İlqar Qurbanov, Vüqar Nadirov, Boyan Şaranov və Muarem Muaremlə
yollarını ayırıb. Maraqlıdır ki, mövsüm boyu özünü yaxşı tərəfdən göstərməyi
bacaran İlqar Qurbanov və Muarem Muaremlə başa çatan müqavilə yenilənməyib.

“Qəbələ”

Ötən mövsüm
də kiçik bir fasilə verən “Qəbələ” klubu az müddətə heyətini güclü legionerlərlə
zənginləşdirdi. Məhz həmin transferlərin köməyi nəticəsində komanda uğurlu nəticələr
göstərib Avropa Liqasının qrupuna vəsiqəni qazandı. Əyalət təmsilçisi, demək
olar ki, ötən ilki ssenarini təkrarlayır. Təkcə qalıb Avropa Liqasının qrupuna
düşmək.

“Qırmızı
qaralar” mövsüm başa çatdıqdan sonra yanlız yerli oyunçuları heyətinə
qatmışdılar. Komanda legionerlərədək İlqar Qurbanov və Aqil Məmmədovla müqavilə
imzalamışdı. Lakin Qriqorçukun komandası Polşanın “Qurnik Lençna” klubundan
Xavi Ernandes Qonzalesi, Fransa “Brest”indən Stiven Jozef-Monrozu və
Hollandiyanın “Den Haaq” klubundan Dion Maloneni heyətinə qatdı. Komanda son
olaraq Şotlandiyanın “Reyncers” klubunun üzvü Endi Hallideyi icarə əsasında heyətinə
əlavə edib. Hər dörd futbolçu, demək olar ki, “Qəbələ”nin liderləri olacaq
potensialdadır.

Komanda
mövsüm başa çatdıqdan sonra 11 futbolçu ilə yollarını ayırıb. Bunlar Teo Uik, Rəşad
Eyubov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Daniel
Subotiç, Rafael Santos, Murad Musayev, David Petrzkeviç və Rikardinyodur.
Sözsüz ki, gedən futbolçulardan bir çoxunun yoxluğu “Qəbələ”nin oyununa təsir
edə bilər. Amma bütün bunlara baxmayaraq, ötən il olduğu kimi, bu il də sözügedən
komandadan uğur gözləməyə dəyər.

“İnter”

Premyer
Liqanın bürünc mükafatçısı “İnter” ötən il avokuboklardan uzaq qalsa da, bu il
cəzası bitib və Avropa Liqasında iştirak edəcək. Lakin komandanın transfer
qadağası olduğu üçün heyətinə yeni futbolçu əlavə edə bilməyəcək. Bu səbəbdən də
Zaur Svanadzenin işi çətinə düşür.

Mövsüm boyu
bir sıra çətinliklərlə üzləşən komanda Avropa Liqasına vəsiqə qazansa da, bir
neçə futbolçu komandadan ayrılmaq istəyirdi, hətta  ayrılanlar da oldu. Həmin futbolçular Abbas
Hüseynov və Səlahət Ağayevdir. Ağayev komandadan ayrılsa da, Avropa Liqası
matçlarında “İnter”ə kömək edəcək. Bu, “Neftçi” və “İnter” rəhbərləri arasında
baş tutan razılığa görə belədir. Komandadan ayrılan daha bir futbolçu isə Zurab
Xizanaşvilidir. Təcrübəli futbolçu mövsüm başa çatdıqdan sonra vətənə –
Gürcüstana getmişdi. O, daha sonra futbolçu karyerasını başa vurduğunu
açıqladı.  Əslində, komandadan gedənlərin
sayı daha çox ola bilərdi. Maliyyə problemləri yaşayan komanda futbolçularını
itirmək üzrəydi. Lakin rəhbərliyin futbolçular ilə danışıqları müsbət nəticələndi
və onlar komandada qalmağa razılıq verdilər.

“Zirə”

2015/2016-cı
il mövsümündə Premyer Liqada debüt edən “Zirə” debüt ilindəcə gümüş medalı
qazandı. Lakin komanda 2-ci olsa da, Avropa Liqasına gedə bilmədi. Buna səbəb
isə klubun 2 ildi fəaliyyət göstərməsi idi. UEFA kuboklarında iştirak etmək
üçün hər bir klub ən azı 3 il fəaliyyət göstərməlidir. Son mövsüm Premyer
Liqanı dördüncü pillədə başa vuran Zirə təmsilçisi avrokuboklara vəsiqəni əldə
etdi. Bu səbəbdən Ayxan Abbasov heyətdə ciddi dəyişikliklər etməyə başladı.

Ümumiyyətlə,
“Zirə” mövsüm başa çatdıqdan sonra transfer bazarında ən aktiv klublarımızdan
biridir. Komanda artıq, demək olar ki, Avroliqa üçün heyətini formalaşdırıb.
Mövsüm başa çatdıqdan sonra “Kəpəz”dən Nicat Qurbanovla Orxan Əliyevi heyətinə
qatan “qartallar” daha sonra “Qarabağ”dan Vuqar Mustafayevi, “Qəbələ”dən isə Rəşad
Sadiqovu transfer etdi. Komanda təkcə yerli futbolçularla kifayətlənməyərək
legionerləri də heyətinə qatdı. Belə ki, Ayxan Abbasov David Manqa
(“Hapoel”, Aşkelon, İsrail), Kervens Belfort (“Surinska”,
İsveç), Jozef Bum (“Qaziantep BB”, Türkiyə), Qabriel Mateylə
(“Qurnik”, Polşa) müqavilə imzaladı.

Komandadan
ayrılanlar isə 8 nəfərdir. Bunlar Migel Lorenzo (“Vitoriya”, Portuqaliya: icarə
müddəti başa çatıb), Tural Cəlilov (“Kəpəz”), Nurlan Novruzov
(“Bakı”: icarə müddəti başa çatıb), Yamin Ağakərimzadə (“Səbail”),
Elvin Məmmədov (“Qəbələ”), Cavid Tağıyev (“Sumqayıt”),
Amadu Ben Sanqar, Akim Latifudur. Komandaya qoşulanlar və ayrılanlara nəzər
yetirdikdə yeni gələnlərin daha yaxşı təsir bağışlayacağını düşünmək olar.

“Kəpəz”

Maliyyə
imkanları əlverişli olmayan Gəncənin “Kəpəz” klubu hələlik yalnız yerli
oyunçularla müqavilə imzalayıb. Ötən mövsüm uğursuz çıxışdan sonra “sarı-göylər”  heyətə köklü dəyişikliklərə başlayıb. Lakin
komanda elə də ciddi transfer ilə gündəmə gəlməyib. Komanda əsasən diviziondan
və PL klublarının əvəzedici heyətlərindən transferlər edib.

Mövsüm başa
çatdıqdan sonra bütün legionerləri və bir neçə yerli oyunçunu komandadan göndərən
klub rəhbərliyi İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”),
İlkin Sadıqov (“Turan Tovuz”), Tural Cəlilov (“Zirə”), Azər Məmmədov
(“Turan Tovuz”), Ruzi Qiyaslı (“Neftçi”) ilə müqavilə
imzalayıb. Lakin əldə etdiyimiz məlumata görə, hazırda Gəncə klubu 3 legionerlə
danışıqlar aparır və işlər yekunlaşmaq üzrədir. Komandanın baş məşqçisi Şahin
Diniyev saytımıza verdiyi açıqlamada Ərzurumda heyətlərinə yeni futbolçuların
qoşulacağını bildirdi:

“Bəli,
Ərzurumda heyətimizə yeni futbolçular qatacağıq. Ancaq bildiyiniz kimi legioner
futbolçular bizim ən həssas olduğumuz mövzudu. Çünki biz heyətimizə əcnəbi
futbolçu cəlb edəndə hər zaman ən doğru seçimi etməyə çalışmışıq. Bldiyiniz
kimi bizim müdcəmiz super transfer etməyə imkan vermir. Bu səbəbdən az pulla
yaxşı iş görmək məcburiyyətindəyik”.

Xatırladaq ki,
mövsüm başa çatdıqdan sonra Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi
“Sumqayıt”), Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi “Zirə”), Renan
Silva (“Voyvodina”, Serbiya), Dario Federiko, Tural Qürbətov, Eyyub
Əliyev, Tural Nərimanov, Tadas Simaitis, Julien Ebah, Serjio Kosta komandadan
ayrılmışdı.

“Sumqayıt”

Ötən il
Avroliqa şanslarını son turlarda əldəm verən kimyaçılar yeni mövsümə iddialı
başlamaq niyyətindədir. Hər il əsasən gənc futbolçulardan heyət quran baş məşqçi
Samir Abasov bu il fərqli hazırlaşır. Komandaya əsasən yerli və daha təcrübəli
futbolçuları cəlb edən “kimyaçılar” yeni mövsümdə daha iddialı olacaqlar.

Yay transfer
pəncərəsi açıldıqdan bəri baş məşqçi Samir Abasov heyətə 7 yeni futbolçu cəlb
edib. Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Kəpəz”), Cavid İmamverdiyev
(“Neftçi”), Kamal Mirzəyev (AZAL), Rəşad Eyyubov (“Qəbələ”), Azər
Salahlı (“Qarabağ”), Cavid Tağıyev (“Zirə”) kimi
futbolçuları komandaya cəlb edən Samir Abasov hələlik legionerə ehtiyac duymur.
Ötən il gənc heyətlə əzmkar oyun nümayiş etdirən “Sumqayıt”dan bu il ciddi uğur
gözləməyə dəyər.

Komandadan
gedənlər də az deyil. İndiyədək komandadan gedən futbolçular bunlardı: Mirabdulla
Abbasov (“Neftçi”: icarə müddəti başa çatıb), Kamran Abdullazadə (“Kəpəz”),
Yusif Nəbiyev (“Qəbələ”: icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Ayaz
Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov.

“Neftçi”

Ötən mövsüm
biabırçı nəticələri ilə yadda qalan “Neftçi” yeni mövsümdə bütün bunları
unutdurmaq niyyətindədir. Komandanı qarşıdan uzun hazırlıq planı gözləyir.
“Ağ-qaralar” məhz bu müddət ərzində heyətə yeni futbolçular cəlb etməyi
planlaşdırır.

Mövsüm başa
çatdıqdan sonra “ağ-qaralar” Cavid İmamverdiyev (“Sumqayıt”), Mahir Şükürov
(karyerasını bitirib), Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı
“Səbail”), Ruzi Qiyaslı (“Kəpəz”), Aqşin Qurbanlı, Orxan
Qurbanlı, Təyyar Məmmədov (hamısı “Səbail”: icarəyə), Zdenek Folprext
(“Slovan”, Çexiya: icarə müddəti başa çatıb), Jairo Rodriges, Maksim
Vaylo, Boban Baykoviçlə yollarını ayırıb. “Neftçi” komandadan ayrılan
futbolçulardan yalnız 1-ni – Zdenek Folprexti komandada saxlamağa çalışıb.
Lakin Çexiya klubu futbolçunu “Neftçi”yə satmayıb.

Komandaya cəlb
olunanlar isə elə də çox deyil. Belə ki, “ağ-qaralar” hələlik Səlahət Ağayev
(“İnter”), Mirabdulla Abbasov (“Sumqayıt”: icarədən qayıdıb), Məhəmməd Mirzəbəyov
(“Qəbələ”), Rəşad Əzizli (“Səbail”), Elnur Cəfərovu
(“Duqopolye”, Xorvatiya) transfer etməklə kifayətlənib ki, bununla da
nəticə qazanmaq çətin olacaq. Bu səbəbdən aydın olur ki, “ağ-qaralar” qarşıda
ciddi transferlərlə gündəmə gələcək.

“Səbail”

Yeni mövsümdə
Premyer Liqada debüt edəcək “Səbail” klubunu da transfer bazarının aktiv üzvü
hesab etmək olar. Komanda hələ ki, yerli oyunçular transfer etməklə məşğuldur. Əsasən
Premyer Liqa təcrübəsi olan futbolçuları heyətinə qatan “aslanlar” I divizionda
çıxış edən futbolçuları da transfer etməkdən çəkinmirlər.

Komanda
indiyədək 14 futbolçu transfer edib.  Bu
futbolçularda 3-ü birinci divizion klublarından heyətə cəlb olunub. Ən çox
futbolçu isə “Neftçi”dən alınıb (6). Heyətdən isə yalnız bir futbolçu kənarlaşdırılıb.
Bu, Rəşad Əzizlidir.

Komanda yay
transfer pəncərəsi dövründə bu futbolçuları heyətinə qatıb: Kamal Qurbanov,
Eltun Yaqublu, Murad Ağayev (hamısı “Neftçi”), Aqşin Qurbanlı, Orxan
Qurbanlı, Təyyar Məmmədov (hamısı “Neftçi”: icarəyə), Yamin Ağakərimzadə
(“Zirə”), Emin Mehdiyev, Raul Yaqubzadə (hər ikisi
“Zaqatala”), Aqşin Muxtaroğlu (“Turan Tovuz”), Emin Cəfərquliyev
(AZAL), Vüqar Nadirov (“Qarabağ”), Nurlan Novruzov
(“Bakı”), Elman Taqayev (“Altın Asır”, Türkmənistan).

Yazı AFFA yanında Media Komitəsi layihə müsabiqəsi çərçivəsində hazırlanıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43