07 Noyabr 2024
Ölkə futbolu

Klubların mətbuat xidmətlərinin rəhbərləri bir-birilərinin işini dəyərləndirdilər – SORĞU

Premyer Liqa klublarının mətbuat xidmətinin rəhbərləri arasında sorğu etdik. Belə ki, 10 Premyer Liqa klubunun daha çox əziyyət çəkən işçiləri bir-birilərinin işlərini dəyərləndirdilər.

İdmanxeber.com sorğunu sizə təqdim edir:

Rüstəm Allahverdiyev ("Simurq"): "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov. Əslində burda başqa ad da deyə bilərəm. Ancaq Rəşad məhdud imkanlarla böyü iş görür".

Gündüz Abbaszadə ("Neftçi"): "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov".

Anar Hacıyev ("Qəbələ"): "Bir çoxunun adını çəkmək olar. Ancaq mövsümün startından bu yana ən çox əziyyət çəkən Nurlan İbrahimov olub. Sıx qrafikdə işləyib. Öz işiylə yanaşı digər işlərin də, öhdəsindən gəlib".

Eldəniz Yusifov (AZAL): "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə".

Səbuhi Məmmədov ("İnter"): "Bakı"nın mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov".

İsgəndər İsgəndərov ("Bakı"): "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov".

Rəşad Məmmədov ("Sumqayıt"): "Azərbaycan reallığı üçün klublarımızın mətbuat xidmətləri rəhbərlərinin işini yüksək səviyyədə qələmə vermək olar. Artıq bir jurnalist kimi 3-cü ilimdir ki, klubun mətbuat xidməti kimi fəaliyyət göstərirəm. Həqiqətən də bütün klublarımızda mətbuat xidmətlərinin işləri digər işçilərə nisbətən olduqca çoxdur. İşimizi təhlil etdikdə buna ümumi prizmadan yanaşmalıyıq. Məsələn ötən mövsüm "Turan"da çalışan Süleyman Tağıyev və "Kəpəz"də Məqsədin işini yüksək qiymətləndirməliyik. Çünki onlar sözün əsl mənasında ağır şərtlər altında çalışırdılar.
Hazırda Premyer Liqada mübarizə aparan 10 klubun maliyyə vəziyyətləri fərqlidir. Əlbəttə, işin keyfiyyətinin artmasında maliyyənin böyük rolu var. Bəzi klublarımızın mətbuat xidmətlərində 10-a yaxın işçi çalışır, bəziləri isə tək bu işin öhdəsindən gəlir. Məsələn, "Sumqayıt" FK-nun mətbuat xidmətində məndən başqa 2 işçi varki onlardan biri fotoqraf, biri isə operatordur. Bütün çətinliklərə baxmayaraq, onların köməkliyi sayəsində normal səviyyədə işimizi qura bilmişik. Yüksək səviyyədə çalışan rəsmi internet səhifəmiz və video portalımız mövcuddur.

Ayrı-ayrılıqda bütün klubların mətbuat xidmətlərinə böyük hörmətim var. Məsələn, Elvin Yaqubov "Rəvan"a gələndən sonra bu klubun rəsmi saytı normal səviyyədə işləməyə başlayıb. "Qəbələ" və "İnter"in də rəsmi internet səhifələrində daim yeniliklər görmək olur. Gündüz və Nurlanın da işi göz qabağındadır. Lakin operativlik və ümumi iş baxımından "Simurq"dan Rüstəmi fərqləndirərdim. Sonda , ümid edirəm ki, tezliklə Eldəniz də AZAL-ın rəsmi saytını hazırlamaqla bizimlə rəqabətə qoşulacaq. Hamıya uğurlar arzulayıram".

Elvin Yaqubov ("Rəvan"): "Təbii ki, kamil insan olamdığı kimi tam mükəmməl mətbuat xidməti rəhbəri də ola bilməz. Hər birinin özünəməxsus keyfiyyətləri, xüsusiyyətləri var. Mənfi və müsbət cəhətləri ilə birgə. Amma konkret aralarında kimisə ən yaxşı seçmək məncə, bir qədər düzgün yanaşma deyil. Sanki Messidən soruşurlar ki, İnyesta güclüdür, yoxsa Xavi? Və ya bir bas məşqcidən həmkarı haqda fikir öyrənmək. Mən sizin bu sorğuda bax bu məsələlərə görə səsimi hec kimə verməyəcəm. Ya da istəsəz hərəsinə 0,1 bal verə bilərsiz. Qalan 0,1-i də mənə qalsın".

"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu isə heç kimi fərqləndirmədiyini bildirib.

"Qarabağ"ın mətbuat ximətinin rəhbəri Nurlan İbrahimovun telefonuna isə gün ərzində zəng çatmadı.

Qeyd edək ki, bu sorğu jurnalistlər arasında da aparılacaq.
 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43