Müsahibə Ölkə futbolu

“Komandada hansı dəyişikliklərin olduğunu çempionatda görəcəyik”

“Səbail”in kapitanı Rahid Əmirquliyevin idmanxeber.az saytına müsahibəsi

-Təlim-məşq toplanışı necə gedir? Hazırlıqlar sizi qane edir?

-Toplanış yaxşı gedir. Artıq on gündür ki, buradayıq. Gündə iki məşqlə davam edirik. İki yoxlama oyununa da çıxmışıq. Ağır məşqlərimiz də olub. Hər şey qaydasındadır. Belə hazırlıq vacibdir. Çempionatda yaxşı çıxış etmək üçün bunları etməliyik.

-Hava şəraiti sizə də problem yaratdı?

-İki gün yağışlı, küləkli hava oldu. Elə də ciddi probmlem yaşamadıq. Bəzi klublar oynadı, bəziləri oyunlarını təxirə saldı. Həmin günlərdə meydana çıxa bilməsək də, zalda hazırlığı davam etdirdik. Elə də böyük problem yaşamadıq.

-Komandada baş məşqçi dəyişikliyinin fərqi hiss olunur?

-Komandada hansı dəyişikliklərin olduğunu çempionatda görəcəyik. Hazırda əhval-ruhiyyə yaxşıdır. Oyunlara, məşqlərə həvəslə gedirik. Hələlik hər şey yaxşı gedir. Ancaq əsas dəyişikliyi fasilədən sonra gröəcəyik. Bu şəkildə hazırlığa davam etsək, bizim üçün yaxşı olacaq.

-Artıq iki yoxlama oyunu geridə qalıb. Bu oyunlarda komandanın mənfi-müsbət tərəfləri hansılar idi?

-Bir həftə fiziki məşqlər etdik. Ağır çalışmalar idi. Bunlardan sonra çıxdıq oyunlara. Rəqiblər də zəif deyildi. Sevindirici haldır ki, məğlub olmamışıq. Mənfi və müsbət tərəflər var idi. Bunları məşqçilər görür, çalışıb aradan qaldırmalıyıq. Analiz edib bizə bildirirlər. Bu görüşlərin nəticəsi vacib deyil. Hələ yenə oyunumuz var. Bu səfər daha hazırlıqlı meydana çıxacağıq. Məncə, çempionata başlayan qədər tam hazır olacağıq.

-Adətən xarici klublara qarşı oynamağa çətinlik çəkirik. Səncə, əsas səbəblər hansılardır?

-Məncə, belə deyil. Bu, rəqiblərdən asılı bir şeydir. Burada elə komandalar var ki, onlar güclüdürlər. Avroliqada, Çempionlar Liqasında çıxış edirlər. Əlbəttə, onlarla oynamaq çətindir. Ancaq hamısına aid deyil. Elələri var ki, o komandalarla rahat oynaya bilərik.

-Premyer Liqada toparlanmaq üçün heyət nə qədər güclənməlidir?

-Çempionatda vəziyyətimiz yaxşı deyil. Sonuncu pillədəyik. Kubokda yarımfinala çıxsaq da, Premyer Liqada istədiyimiz yerdə deyilik. Heyətin nə qədər güclənməsi barədə məşqçilər danışsa, daha yaxşı olar. Məncə, bizim yaxşı komandamız, güclü futbolçularımız var. Heyət güclənməsə də, çempionatda sonuncu yerdən yuxarı qalxa bilərik. Hansı mövqeyə futbolçu alınacağına baş məşqçi qərar verəcəyik.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43