29 Sentyabr 2024
İdman

“Komandalara da tapşırmışıq ki, belə oyunçular olsa, bizə yönləndirsinlər”

“Bu yaşda gənclərin “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire” kimi təcrübəli oyunçulardan qurulmuş kollektivlərə qarşı başabaş mübarizə aparması çox çətindir”.

İdmanxeber.az xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Yüksək Liqanın 3-cü dövrəsinə hazırlaşdıqlarını və yanvarın 9-da məşqlərə başladıqlarını bildirib:

“İlk olaraq fiziki ağırlıqlı çalışmalara üstünlük verəcəyik. Fasilədə həm məşq edəcəyik, həm də heyətimizi gücləndirəcəyik. Bizim komandaya düşmək üçün oyunçu yaş limitinə uyğun gəlməlidir. Üstəlik, kütləvi dəyişiklik də gözlənilmir. Bizi qane edən olsa, 2-3 futzalçını komandamıza dəvət edəcəyik. Komandalara da tapşırmışıq ki, belə oyunçular olsa, bizə yönləndirsinlər. Məqsədimiz əsas milli üçün ehtiyat baza yaratmaq, futzalçı yetişdirməkdir. Digər kollektivlərdəki oyunçularla yaş fərqi böyükdür, bunlar indi-indi futzalın incəliklərini öyrənirlər”.

Qeyd edək ki, fevralın 1-də Yüksək Liqada 3-cü dövrə start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43