Müsahibə

“Komandamızdan bu qədər istəksiz olmağı gözləmirdim” – Cavid Hüseynov

“Qəbələ”nin kapitanı Cavid Hüseynov “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Görüşlə bağlı nə deyə bilərsiniz?

– Çətin olacağını gözləyirdik. Sanki komandamızda qələbə istəyi az idi. Rəqib də təhlükəli hücumlar qururdu. Düşünürəm ki, yaxşı oyun oldu.

– Həftə ərzində xəstə idiz. Oyuna hazır deyildiz?

– Bir həftə yataqda qaldım. Hərarətim düşmürdü. Cəmi 2 məşqdə iştirak etdim. Oyunqabağı məşqlər yüngül olur. Bu matçda oynamaq, komandama kömək etmək istəyirdim. Çünki çempionatın vacib qarşılaşması idi.

– Heç-heçə hansı komandaya daha çox sərf etdi?

– Oyun epizodlarına baxsaq, bizə sərf etdi. Bunu etiraf etmək lazımdı.

– “Qəbələ”nin bir hücumçuya ehtiyacı varmı?

– Əlbəttə, var. Toplanış vaxtından deyilir ki, hücumçuya ehtiyacımız var.

– Komandanız yoxlama oyunlarında daha istəkli görünürdü…

– Bayaq bunu qeyd etdim. Komandamızdan bu qədər istəksiz olmağı gözləmirdim. Bəlkə də ən maraqsız duel oldu. Adətən bu komandaların dueli gərgin, bol qollu olurdu. Bu dəfə bunu görmədik.

– Bəlkə ikinci pillə ilə barışmısız?

– Elə deməzdim. Qələbə qazansaydıq, fərqi 3 xala endirəcəkdik. Amma bunu edə bilmədik.

– Qarşıda “Zirə” ilə ev oyununuz var. Bu matçla bağlı nə düşünürsüz?

– Çətin oyun olacaq. Bu matçı analiz edib, nəticə çıxaracağıq. Baş məşqçinin də yəqin ki, futbolçularla söhbəti olacaq. Vaxtımız var, məşqlərdə bunu aradan qaldırmaq mümkündü. Meydana bir də belə vəziyyətdə çıxmaq olmaz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43