Ölkə futbolu

“Kopenhagen”in baş məşqçisi: “Azərbaycana vurduğum qolları xatırlayıram”

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq Danimarkanın “Kopenhagen” klubunun baş məşqçisi Stole Solbakken oyunöncəsi mətbuat konfransında iştirak edib.

İdmanxeber.com-un məlumatına görə, norveçli mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

– Hava normaldı. Meydançanı hələ görməsəm də, eşitdiyim qədər ilə yaxşı vəziyyətdədi. Rəqibi tanıyırıq. Keyfiyyətli komandadı. Xüsusilə, ev oyunlarında yaxşı çıxış edirlər. Çalışacağıq ki, sabahkı oyundan sərfəli nəticə ilə ayrılaq.

– Komandanızda bir neçə itki var. Xüsusilə, mərkəz müdafiəçinizin olmaması sabah komandaya necə təsir edə bilər?
– Erik Yohansson zədəlidi. Ancaq onun boşluğunu dolduracaq oyunçumuz var. Əlimizdə olan futbolçularla maksimum nəticə qazanmağa çalışacağıq.

– “Qarabağ” artıq Çempionlar Liqasının cari mövsümündə 4 oyun keçirib. Rəqibin hansı xüsusiyyəti sizi daha çox narahat edir?
– Hücum “üçlüy”ünü qeyd edərdim. Bu oyunçuların hər biri matçın taleyini həll edəcək futbolçulardı. 
Lakin “Qarabağ” bu oyunçulardan ibarət deyil. Rəqibin də bizim kimi yaxşı Avropa təcrübəsi var.

– Vaxtilə baş tutmuş Norveç – Azərbaycan oyununda (5:0) 2 qol vurmuşduz. Həmin oyunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da çıxış etmişdi. Düşünmürsüz ki, bu amil rəqibdə sizə qarşı qisas hissi yarada bilər? 
– Karyeram ərzində çox qol vurmuşam. Hamısını xatırlamıram (gülür). Şübhəsiz, Azərbaycana vurduğum qolları xatırlayıram. Bu, mənim millidə ilk qollarım idi. Ancaq bu oyundansa, Bakıda keçirilən və 1:0 hesabıyla qalib gəldiyimiz matçı daha yaxşı xatırlayıram. Bu qələbəylə dünya çempionatına vəsiqəni təmin etmişdik


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43