“Paltardəyişmə otağında uşaqlara dedim ki, hər iki hissənin ilk dəqiqələrini uduzduq. Amma ümumən xarakter göstərdik. Futbolçularımdan çox razı qaldım”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Sabah” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarınə cavablandırıb:
– Son dəqiqələrdə sayılmayan qolla bağlı fikirləriniz necədir?
– Yan xətt hakimi bildirdi ki, top göydə olanda meydanı tərk edib. Amma videoda görünmürdü. Bu, artıq onun qərarıdır.
– Şəhriyar Əliyevin yoxluğu necə təsir göstərdi?
– Bəli, onun yoxluğu hiss olunurdu. Amma ümumən uşaqlar öhdəsindən gəldilər.
– Bu gün komandanızın oyununa 5 ballıq şkala ilə neçə bal verərdiz?
– Qiymətləndirə bilmərəm. Bəzi problemlər var idi. Yaxşı məqamlar da var, yaxşı olmayan məqamlar da.
– Komandanızdan nə dərəcədə razısınız?
– Tam razıyam desəm, düz olmaz. Amma futbolçular həm məşqdə, həm də oyunda əllərindən gələni edirlər. Bu, bizi qane edir.
– Qələbələr gəldikcə azarkeşlər artıq çempionluq haqda danışır. Bu, üzərinizdə təzyiq yaratmır?
– Bu, azarkeşlərin təbii istəyidir. Biz onlara təşəkkür edirik. Futbolçularım hər oyunda daha çox can qoymağa çalışırlar. Necə alınacağını Allah bilir. Təcrübə onu göstərir ki, komanda bütövləşirsə, nizam-intizamı qoruyursa, onda sürpriz qeydə alına bilər.
– “Turan Tovuz” ötən mövsümlə müqayisədə çox sakit görünür, epizodlara sərt etiraz etmir. Nə baş verdi ki, komanda belə dəyişdi?
– Çalışırıq ki, oyunçularımız nəinki oyunda, hər zaman intizamı qorusunlar. Bunun üzərində işləyirik. Nizam-intizamı hissələrə bölmək olmaz, bu, bütövlükdə bir anlayışdır.
– Hücumçu axtarırsız?
– Otto Cona təklif gəlmişdi. Buna görə hücumçu axtarırdıq.