Dünya futbolu

“Lester”i deyil, Azərbaycanı düşünürəm”

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Şimali İrlandiya yəğmasının baş məşqçisi Maykl O’Nilin adı İngiltərə Premyer Liqasında mübarizə aparan “Lester Siti” ilə hallanır.

İdmanxeber.com-un məlumatına görə, 47 yaşlı mütəxəssis şayiələrə münasibət bildirib. O’nil “tülkülər”in baş məşqçi postuna keçməyəcəyini açıqlayıb:

“Lester Siti”? İngiltərə Premyer Liqası dünyanın ən maraqlı çempionatıdır. Bir gün Premyer Liqada çalışmaq istəyərəm. Amma hazırda iş axtarmıram və heç bir mütəxəssisin yerinə göz dikməmişəm. Qarşıda bizi Norveç və Azərbaycanla çətin oyunlar gözləyir. Özümüzü həmin matçlara kökləmişik. Məqsədimizə çatsaq, xoşbəxt olacağıq”.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da keçiriləcək və saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Klaudio Ranyeri ötən mövsümdə “Lester Siti”yə 133 illik klub tarixində ilk çempionluğunu qazandırsa da, cari mövsümkü uğursuz nəticələrdən sonra istefaya göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43