Kateqoriyasız Ölkə futbolu

Liderin “qış yuxusu” (kiçik qeyd)

Qış çempionu ili kefsiz şəkildə tamamladı. Kefsiz və tədirgin. Ona görə tədirgin ki, son iki turda rəqib qapılarına 11 top vuran “Qarabağ” arxadan fırtına kimi gəlir. Yaşanan son hadisələr Ağdam təmsilçisinin motivasiyasını pik həddə çatdırdığının sübutudur. Onsuz da “Qarabağ”ın Avroliqadan sonra daha təhlükəli olacağı bəlli idi.

“Neftçi”nin ilk dövrədəki oyunlarına nəzər yetirsək enişli-çıxışlı qrafik cızdığını görərik. Zar-zor qazanılan qələbələr təhlükənin qapıda olduğunun xəbərçisi idi. “Ağ-qaralar”  əzbər, alışılmış oyun tərzindən o tərəfə keçə bilmədilər. Hələ ilk turlardan Bordinin bir an öncə inadından dönməli, hücum futbolu oynayan bir komanda yaratmalı olduğunu bildirmişdik. Ancaq dəyişən bir şey yoxdu. Bu sistem bir müddət işə yarasa da, artıq axsayır. Komanda dünən çempionatın ən yumşaq komandası olan “Sumqayıt”a qarşı belə heçnə edə bilmədi. Taktiki gedişlər və sistem məsələləri hələ o tərəfə dursun, komandada hirs, aqressivlik də azalıb. Çempionluq yolunda ən önəmli iş məhz bunlardır. Əvvəl istək olmalıdır.

Oyunboyu iki-üç kəsərli  hücum belə edə bilməyən “Neftçi” əvəzində uzun ötürmələrlə rəqibi qarşısında çırpınırdı. Topun müdafiədən hücuma gedib çıxması üçün aşağı-yuxarı 10 dəqiqə vaxt gedirdi. Topu meydan boyu sağa-sola çevirərək hücum qurmağa çalışan Bordinin yetirmələri heç cür lazımı olanı edə bilmirdilər. Ümumiyyətlə, heç bir şeylə yadda qalmayan “flaqman” üçün təhlükə zilləri indidən çalmağa başlayıb. Bəlkə də qış çempionu adı komandanı indidən çaşdırıb. Ancaq istənilən halda mövsümün ən cılız və acız oyununu oynadılar. Hazırkı vəziyyətdə “Neftçi” üçün ən yaxşı hal çempionatda fasilənin yaranması oldu. Əgər qarşıda ilk dövrənin bitməsinə  2-3 tur da qalsaydı bəlkə də yanvarda yox, elə indidən liderlik əldən gedəcəkdi. “Neftçi” bu vəziyyətdə belə bir “Qarabağ”ın qarşısına çıxsa, aqibəti “Zirə”dən fərqli olmayacaq. Açıq-aşkar hiss olunur ki, “Qarabağ”ın iki turda 11 qol vurması “Neftçi”ni əməlli-başlı silkələyib.  Ancaq hələ şans var. O şansa da yaranan fasilədir. Bu matç “Neftçi”yə mövsümün itirilməməsi üçün dərs olmalıdır. Əgər qış çempionu “qış yuxusu”ndan oyanmasa nağılın sonu heç də yaxşı bitməyəcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43