10 Dekabr 2018
  • Ana səhifə
  • Müsahibə
  • “Liverpul” və “Borussiya”da pulsuz belə oynayaram” – “Sabah”ın futbolçusu
Müsahibə

“Liverpul” və “Borussiya”da pulsuz belə oynayaram” – “Sabah”ın futbolçusu

Ötən tur “Sabah” komandasının heyətində “Qarabağ”a qarşı meydana çıxan Premyer Liqamızın hələlik ən gənc oyunçusu Şakir Seyidov İdmanxeber.az saytına müsahibə verib.

-Son turda “Qarabağ”a qarşı meydana çıxaraq hələlik Premyer Liqanın bu mövsümdəki ən gənc oyunçusu oldun. Oyuna çıxanda hansı hissləri keçirirdin ?

-İlk oyunum idi. Çox həyacanlı idim. Baş məşqçi mənə yaxınlaşaraq rahat olmağımı və əvəzedici heyətdə nə cür oynayıramsa  o cür də oynamağımı tapşırdı. Bundan əlavə meydandakı komanda yoldaşlarım hamısı mənə kömək edirdilər. Novruz Məmmədovu xüsusi vurğulamaq istərdim. Meydanda davamlı mənimlə danışırdı. Harda nə etməli olduğumu  mənə sıx-sıx xatırladırdı.

-Davamlı heyətdə olmaq üçün özünü inkişaf etdirməlisən. Bunun üçün ən çox nələrdən istifadə edirsən ?

-Məşqdən əlavə boş vaxtlarda yüngül atletika ilə məşğul olutram. Qaçaraq fiziki gücümü daha da artırmaq istəyirəm. Bundan əlavə əvəzedici heyətdəki məşqçim mənə proqram tətbiq edib. Boş vaxtlarımda bununla işləməyə məsləhət görüb. Əlimdən gələni edib heyətdə davamlı qalmaq istəyirəm.

-17 yaşın var. Demək olar ki, sənin üçün hər şey qabaqdadır. Hədəflərin nədir ?

-İlk öncəki hədəfim “Sabah”da əsas heyətə düşməkdir. Ancaq başlıca məqsədim A milli komandaya dəvət almaqdır. Bilirəm, bunun üçün çox tezdir. Lakin bu istəyimin həyata keçməsi üçün hər şeyimi ortaya qoyacam. A Milli komandanın formasını geyinməyi çox istəyirəm.

-Adətən valideyinlər uşaqlarının futbolla məşğul olmalarını istəmir. Övladlarını oxudub həkim, hüquqşunas, hərbiçi kimi görmək istəyirlər. Bəs səndə necə, futbolçu olmana qarşı idilər ?

-Futbol oynamağa 4-cü sinifdə başlamışam. Daha sonra bir qohumumun “Bakı” futbol klubuna yazıldığını gördüm. Dərhal maraqlanıb mən də getmək istədim. Əvvəlcə atam icazə vermədi. Dərslərimi oxumağı tapşırdı. Lakin futboldan başqa heç nəyə marağımı olmadığını görüncə əlacsız razılaşdı. Sonra isə özü işini-gücünü atıb davamlı mənimlə maraqlanmağa başladı. Hər zaman necə oynadığımı, nə bacardığımı soruşurdu. Atam əvəzedicidə bütün oyunlarıma gəlib baxır. Valideyinlərimin ən böyük arzusu məni böyük futbolçu kimi görməkdir.

– Bu gün 20-21 yaşlarında dünyaca məşhur futbolçular var. Onların içərisindən bəyənib özünə nümunə götürdüyün var ?

– U 17  Avropa Çempionatında İngiltərə ilə qarşılaşmışdıq. Rəqibin heyətində iki oyunçu var idi – Sanço və Foden. Onların oyunu çox xoşuma gəlmişdi. Ancaq əsl kumirim Neymardır.  Onun oyununu çox bəyənirəm.

-Aldığın maaşı kimi idarə edir, sən, yoxsa valideyinlərin ?

-Maaşı evə verirəm. Bunu ilk öncə məşçim belə məsləhət bilmişdi. Sonra özüm də pulu evə verməyin daha faydalı olduğunu gördüm. Çox az hissəsini özümə götürürəm. Onsuz da, mənə nə lazım olsa hər şeyi evdən alırlar. Düşünürəm ki, pulu valideyinlərimə verməliyəm. Çünki onların buna daha çox ehtiyacı var.

-Bəzən sosial şəbəkələr gənc futbolçuların bəlası hesab olunur. İstifadə edirsən sosial şəbəkələrdən ?

-Sosila şəbəkələrdən hazırda “İnstagram” və “WhatsApp”dan istifadə edirəm. Əvvəllər “Facebook”dan da istifadə edirdim. Ancaq indi istifadə etmirəm.

-Baş məşqçi Elşad Əhmədovun səndə ən çox irad tutub, əsəbləşdiyi nədir ?

-Məşqlərdə iştirak edərkən bəzən çox sərt müdaxilələr edirdim. Həmin anda mənə xəbərdarlıq edir. Öz oyunçularımıza qarşı bu cür oynamağın yanlış olduğunu söyləyir. Ən çox isə topu özümdə çox saxlayanda mənə iradlar bildirir. Davamlı ötürmə etməyi, topla çox oynamamağımı söyləyir. Elşad Əhmədov və əvəzedicidəki məşqçim Vasif Haqverdiyev mənə çox şey öyrədirlər.

-Komandada Deviç kimi təcrübəli oyunçu var. Onunla söhbətləşib, nəsə öyrənməyə çalışırsan ?

-Bəli, onunla ara-sıra söhbət edirik. Açığı, onun boş vaxtı çox olmur. Məşqdən sonra davamlı özü fərdi şəkildə məşq edir. Onda ən çox diqqət etdiyim şey məşqlərdə belə əlinə düşən imkanları qola çevirməsidir. Demək olar ki, heç birini əldən vermir. Çox texnikalı oyunçudur. Top onda olanda davamlı ona baxıram. Deviçdən başqa yerli oyunçularla da danışıram. Mənə davamlı perspektivli olduğumu ancaq üzərimdə çox işləməyimi məsləhət görürlər.

-Yəqin ki, karyeranı Avropada davam etdirmək istəyirsən. Avropada ən çox hansı klubun formasını geyinmək istəyərdin ?

-Təbii ki, Avropada oynamaq mənim də xəyalımdır. Hətta iki klub var ki, onlarda pulsuz belə oynayaram. “Liverpul” və “Borussiya” (Dortmund) klubları. Yurgen Kloppu çox bəyənirəm. Onun komandasında oynamağı çox istəyərdim.

Həsən Quluzadə

Oxşar xəbərlər

Yaşar Vahabzadə: “Mübarizəsiz, istəksiz nəticə qazanmaq mümkün deyil” – MÜSAHİBƏ

admin

“Yaponiyadan bir komandanı Qəbələyə gətirməyə çalışacağam” (Müsahibə)

admin

“Şalke”nin ulduz futbolçusunun atası: “Azərbaycan mənim üçün yad ölkə deyil” – MÜSAHİBƏ

admin