27 Noyabr 2021
Kateqoriyasız

“Mən Rəşad Sadıqov üçün “tələsdi” deməmişəm”

Azərbaycan futbolunda son vaxtlar uğurlu nəticələr olmasa da, mövzular tükənməzdir.

21 yaşlılardan ibarət millinin baş məşqçisi məsələsinə aydınlıq gəlməməsi, Premyer Liqada çıxış edən futbolçuların koronavirusa yoluxma hallarının geniş vüsət almasıi kimi nümunələr ölkə futbolunun gündəmində olan problemlərdir.

Bu məqsədlə Əməkdar məşqçi, “Şöhrət” ordenli, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovla əlaqə saxladıq. 73 yaşlı mütəxəssislə futbolumuzda baş verən son proseslərlə bağlı söhbətləşdik.

– Salam, Ağasəlim müəllim, necəsiz?
– Şükür, yaxşıyıq. Özümüzü xəstəlikdən qorumağa çalışırıq. Koronavirus ölkəni cənginə alıb.

– Xəstəlik demişkən, premyer-liqamızda çıxış edən klubların hamısında futbolçular, məşqçilər COVID-19 infeksiyasına yoluxublar…
– Hamısına şəfa diləyirəm. Özlərini maksimum qorumalıdılar. Futbolçuların çox yoluxmasına səbəb, fikrimcə, milli komandanın son səfərləri oldu. Onlar 14 gün ərzində Sloveniya, Serbiya və Lüksemburqda oldular. Bu ölkələrdə kimsə yoluxmuş ola bilər. Keçici xəstəlik olduğundan premyer-liqaya da təsir göstərdi. İndi daha da çoxalmaması üçün hər kəs ehtiyatlı olmalıdı. Qidalanmaya xüsusi diqqət yetirilməlidi. Çünki COVID-19 ümmunitet çatışmazlığı yaradır. Buna görə də sağlam, insana güc verən qidalarla üstünlük vermək lazımdı.

– Sizcə, premyer-liqanı dayandırmaq lazımdı? Çünki artıq ölkə üzrə gündəlik yoluxanların sayı 4 mindən yuxarıdı.
– İkinci dövrənin bitməsinə 3 tur qalıb. Bu matçlar bitəndən sonra uzunmüddətli fasilə olacaq. Yəqin ki, dövrəni başa vurmaq lazımdı. Bundan sonra isə baş verən proseslərə uyğun qərar vermək olar.

– Premyer-liqanın oyunlarını izləyirsizmi? Son nəticələr haqda nə deyə bilərsiz?
– Artıq uzun illərdi ki, çempionatımızda 8 komanda mübarizə aparır. Bütün klublar mükafatçılar sırasına düşmək üçün çalışırlar. Bu məqsədlə öz heyətlərini formalaşdırırlar. Deyərdim ki, çempionatımızın son illərdə də və indi də ən güclü komandası “Qarabağ”dı. Bu səbəbdən də ardıcıl 3 qarşılaşmada rəqiblərinin qapılarından 6 top keçirdilər. Onlar öz məqsədlərinə uyğun heyət formalaşdırırlar. Çünki əvvəlcədən bilirlər ki, 3 cəbhədə mübarizə aparacaqlar. Son zamanlar “Sumqayıt” da əzmkar mübarizə aparır. Lakin bu komandada heyət çatışmazlığı var. Bu da bir az problem çıxan kimi sözünü deyir. Ardıcıl 3 qarşılaşmada meydandan məğlub ayrılması bunun bariz sübutudu. Digər komandalarda da eyni hal hökm sürür. Ümumilikdə rəqabətə davam gətirmək, çempionluq uğrunda mübarizə aparmaq üçün əlinin altında kifayət qədər futbolçu olmalıdı. Oyunları izləyirik. Məşqçilər Komitəsi olaraq şənbə və bazar günləri yığışıb, qarşılaşmalara gedirik, nəticələri müzakirə edirik. Deməzdim ki, zəif çempionat izləyirik. Lakin Azərbaycan futbolu Avropadakından bir az uzaq düşüb. Bunun üzərində işləməliyik ki, inkişaf edək, onlardan çox uzaqlaşmayaq.

– Premyer-liqada yerli mütəxəssislər hökmranlıq edirlər. 7 komandanın baş məşqçisi özümüzküdü. Bu, azərbaycanlıların inkişaf etməsinin, yoxsa əcnəbilərin normal nəticə verməməsinin göstəricisidi?
– Mən hər zaman demişəm ki, klublarımızda yerli mütəxəssislərə üstünlük verilməlidi. Onlar daha yaxşı nəticələr əldə edə bilirlər. 1992-ci ildən məşqçi işləmişəm. İlk Azərbaycan çempionatı başlayandan bu işin içindəyəm. Vallah, ölkəmizə gələn mütəxəssislər azərbaycanlılardan daha çox şey öyrəndilər. Ölkə çempionatında püxtələşdilər.

– Adlarını çəkə bilərsiz?
– Kimlərisə nümunə göstərmək düzgün olmaz, amma nəticələr göz qabağındadı. Elə indiki dövrə baxın. Görün, nə qədər yerli uşaqlar yaxşı nəticələr göstərirlər. Qurban Qurbanovun komandası uzun illərdi ölkə çempionu olur. “Qarabağ”ın çempion olduğu ilk illərdə bir çox güclü hesab etdiyimiz əcnəbi mütəxəssislər çalışırdılar. Lakin heç biri uğur qazana bilmədi. Çünki əksəriyyəti bura pula görə gəlirdi. İndi isə pul o vaxtkı kimi deyil. Amma öz məşqçilərimiz çox yaxşı işləyirlər. Ayxan Abbasov, Samir Abasov, Rəşad Sadıqov, Aftandil Hacıyev, Elmar Baxşıyev yaxşı-pis işlər görürlər. Əcnəbilər isə burda baş çıxara bilmirlər.

– Yəni “Sabah”ın son iki baş məşqçilərini nəzərdə tutursuz?
– Mən ad çəkmək istəmirəm. Amma futbol ictimaiyyəti hər şeyi görür. Yaxşı komanda formalaşdırmaq hər məşqçidə alınmır. Yerlilər isə məhdud büdcə ilə mübariz heyət qura bilirlər. Məşqçilər Komitəsi olaraq da onların işlərini dəyərləndirir və dəstək oluruq.

– Yeri gəlmişkən, Rəşad Sadıqov “CBC Sport” telekanalında sizin “tələsdi, hələ inkişaf etməlidi” fikrinizə cavab verdi. İzləmisiz?
– Əvvəla, mən “tələsdi” deyə fikir bildirməmişəm. Şəmsəddin Abbasov onunla bağlı sual verdi. Mən də fikir bildirdim ki, öz üzərində işləyib, inkişaf etməlidi. Verilişi də izləməmişəm. Nə deyib ki?

– Rəşad Sadıqov bildirib ki, “Qarabağ”ın U-19 komandasında bir dəfə çempion, bir dəfə gümüş medalların sahibi olmuşam. İkinci mövsümdə isə eyni xalları yığıb, “qızıl oyun”da məğlub olmuşam. Daha sonra Ağdam təmsilçisi ilə Çempionlar Liqası kimi turnirdə rəsmi oyunlara komanda çıxarmışam. “Atletiko” kimi rəqibi məğlub etmişik. Bundan sonra 21 yaşlılardan ibarət milli komandanı çalışdırmışam. İndi Ağasəlim müəllim cavab versin ki, mən başqa nə etməliydim ki, premyer-liqada baş məşqçi işləmək potensialında olum?
– Bəli, bunların hamısını görmüşük və bilirik. Lakin mən “tələsdi” deməmişəm. Öz üzərində çalışıb, inkişaf etməlidi. Klubda baş məşqçi olub, uğur qazanmaq inkişaf etmək deyil. Avropanın elit komandalarının düşərgələrində olmalı, seminarlarda iştirak etməli, kurs keçməlidi. Avropalı təcrübəli məşqçilərlə fikir mübadiləsi aparmalıdı.

– Ağasəlim müəllim, Rəşad Sadıqov bu dediklərinizin hamısını edib. Qurban Qurbanov da, Samir Abbasov da…
– Düşünürsüz ki, bunlardan xəbərdar deyiləm? Bütün proseslər gözümün qarşısında baş verib. Gəlin sizə mənim gənclik illərimdən bir hadisə danışım. Düzdü, bir az uzun olacaq.

– Buyurun…
– 1987-ci ildə SSRİ Futbol Federasiyasının müşavirəsi keçirilirdi. Orda əsas güclülər dəstəsində və 1-ci divizionda çıxış edən klubların baş məşqçiləri iştirak edirdilər. Mən də dəvət olunmuşdum. 200-dən çox məşqçi var idi. Həmin vaxt SSRİ milli komandasının baş məşqçisi Valeri Lobanovski idi. Allah rəhmət eləsin, dahi şəxsiyyət idi. Bizə məşqçiliyin sirlərini, milli komandanın taktiki sxemini, oyun tərzini izah edirdi. Sonda bizə dedi ki, öyrənmək yaxşıdı, amma hər kəsin özünün bir tərzi olmalıdı. Təkrarlamaq və eynisini tətbiq etmək düzgün deyil. Sonda bizə müraciət etdi ki, siz nə düşünürsüz? Bir sükut çökdü. Milçək vızıldasa, eşidilərdi. Birdən SSRİ-nin ən güclü məşqçilərindən biri olan Konstantin Beskov dilə gəldi. O bildirdi ki, yanlış fikirdəsiz. Hər ölkənin bir milli tərzi olmalıdı. Sizin dediklərinizə riayət edilməlidi. Daha sonra üzünü Futbol Federasiyasının prezidenti Vyaçeslav Koloskova tutaraq, “düz demirəm”, – deyə sual verdi. O boyda respublikanın əsas futbol qurumunun prezidenti də Lobanovskinin fikirlərini təsdiqlədi. Bu məsələni niyə danışıram. Həmin dövrdə də güclü məşqçilər çoxlu seminarlarda, təlimlərdə, yoxlanışlarda iştirak etməyin vacibliyini qeyd edirdilər. İndi təkcə Klopp, Qvardiola ilə görüşmək kifayət etmir. Özümüzdə işləyən məşqçilər kifayət qədərdi. İndi xaricə getmək vaxtıdı. Buna görə də mən Rəşad Sadıqova demişəm ki, öz üzərində çox çalışmalıdı. İnkişaf edib, Avropaya üz tutmalıdı. Hər mütəxəssisin öz oyun fəlsəfəsi olmalıdı, eyni şeyləri təkrarlamaq olmaz. Azərbaycanda demək olar ki, 4-lü və 5-li müdafiə sistemindən istifadə edirlər. Dəyişiklik lazımdı. Buna görə də beynəlxalq təcrübədən istifadə olunmalıdı. Hər gün öyrənmək lazımdı. Bütün klubların oyun sistemi fərqlidi. Bizdə “Qarabağ”, “Neftçi” ayrı-ayrı sistemlərdən istifadə edirlər. SSRİ-də də belə idi. Moskvanın 5 klubu var idi. Hərəsinin ayrı-ayrı xüsusiyyəti var idi. Bu da baş məşqçilərdən asılı idi. Çünki öz üzərlərində işləyirdilər. Mən bu yaşımda indi də oxuyuram, çalışıram, öyrənməyə cəhd edirəm. Çünki futbol dəyişir, inkişaf edir. Bu səbəbdən Rəşada təklif etdim ki, öz üzərində işləsin, inkişaf etsin.

– 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi Milan Obradoviçin taleyi barədə nə deyə bilərsiz?
– Onunla oturub, danışmaq lazımdı. Hələ hesabat verməlidi. Şənbə günü görüşəcəyik. O zaman problemli məsələləri müzakirə edəcəyik. Bundan sonra qərar qəbul olunacaq. Təbii ki, biz yox. Bizim də fikrimiz soruşulsa, düşəncələrimizi bölüşəcəyik.

– Bizdə olan məlumata görə, 21 yaşlıların yeni baş məşqçisi Mahmud Qurbanov olacaq.
– Gəlin, bu məsələdə tələsməyək. Hələ Obradoviçin müqaviləsinin müddəti başa çatmayıb.

– Ağasəlim bəy, Milanın müqaviləsinin müddəti noyabrın 30-da bitib.
– Hə, indi dekabrdayıq. Amma hələ düşünmək lazımdı. Görək, özünü necə müdafiə edəcək. Mahmud Qurbanov məsələsində isə şəxsən mən dəstəkləyirəm. Yenə deyirəm, yerli mütəxəssislər olmalıdı. Onlara dəstək olmalıyıq. Amma qərarı federasiya rəhbərliyi verəcək. Məsləhət bilsələr, biz də öz fikrimizi deyəcəyik (Futbol+).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Seltik” istəyirdi, “Sabah” aldı (Rəsmi)

admin

Həbib Nurməhəmmədovdan növbəti qələbə

admin

A seriya klubunun 15 üzvü koronavirusa yoluxdu

admin