“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 2-ci turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə məğlubiyyəti şərh edib.
– Hazırda bu oyunu təhlil etmək lazımdır. Hər iki hissədə cəmi bir qol epizodu verdik və rəqib onlardan birini qola çevirdi. Qoldan öncə Baqali Dabonun və Platellasın qol şansı oldu, amma istifadə edə bilmədik. Görüşü analiz etsək, “Sabah”la oyunla nisbətən daha istəkli idik. Futbolçularım barədə pis heç bir söz deyə bilmərəm. İlk dəqiqədən istəkli olduqlarını göstərdilər. Burada bəxtsizlik də rol oynadı. Sonluqlarda problemlərimiz var, öz üzərimizdə işləməliyik. Çətin vəziyyətdəyik, bu durumdan çıxmağa çalışacağıq.
– Baqali Dabonun ötən tur oynamaması səs-küyə səbəb oldu. Bunun bu gün onun əsas heyətdə olmasına təsiri var idimi?
– Dabo ilə arada baş verən hadisə daxildə qalır. Bunu mətbuata açıqlamıram. Mənim üzərimdə heyət baxımından təzyiq yoxdur. Bu gün Dabo da bütün komanda yoldaşları kimi gözəl oyun göstərdi. 3 təhlükəli vəziyyət yaratdı. Bir neçə müddət oynamadığını nəzərə alsaq, bu gün yaxşı oyun göstərdi.
– Sizin üçün komandanın oyunu əsasdır, yoxsa nəticə?
– Əlbəttə nəticə. Çempion olmaq üçün vacib olan nəticədir. Oyunu analiz etməliyəm. Balans yaratmaq və vəziyyətlərə nəzarət etmək lazımdır.
– Oyundan sonra hakimə yaxınlaşdınız. Referi ilə nə danışdınız?
– Yaxınlaşdım və sağollaşdım. Artırılmış dəqiqələri müzakirə etdik.
– Komandadakı psixoloji gərginliyin uzanması, sizin komandadan gedişinizə zəmin yaratmır ki?
– Onu deyə bilərəm ki, Avroliqadakı məğlubiyyət və ilk turda xal itirməyimizə baxmayaraq, komanda istədiyim kimi oynadı. İndi bu barədə nəsə danışmaq istəmirəm. Gələn turlarda baxacağıq.
– Ömər Buludova nə üçün şans vermədiniz? Avroliqada Ömər oynayırdı, liqada Tural.
– Tək Tural deyildi. Başqa mövqelərdə də dəyişiklik etdim. Məşqlərə uyğun obyektiv dəyişiklik etməyə çalışıram.