Kateqoriyasız

Məhkəmə “Sabah”ın təsisçisinin şirkətini cərimələdi

“Sabah” klubunun təsisçisi Yaqub Hüseynovun sədri olduğu “Bridge Group of Companies” şirkətlər qrupuna daxil olan Global Interiors Group (GIG) şirkəti Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən cərimələnib.

İdmanxeber.az-ın məlumatına görə, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən yazdığı protokol üzrə cərimələnib.

Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Məhkəmənin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, sözügedən şirkət tikinti, təmir, planlaşdırma, interyerlərin yaradılması, mebel, dekor, material seçilməsi, landşaftın yaşıllaşdırılması xidmətləri göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43