Müsahibə

“Mənə “bizdə oynayacaqsan” – dedilər, əsgər idim, razılaşdım” – sabiq “Xəzər Lənkəran”lı

“Xəzər Lənkəran”ın sabiq futbolçusu, hazırda “Zaqatala” klubunda forma geyinən İbrahim Qədirzadənin İdmanxeber.az-a müsahibəsi.

– Yayda MOİK-i “Zaqatala”ya dəyişdin. Bu transfer necə alındı?

Bir neçə divizion klubundan təklif var idi. Sonra elə alındı ki, menecerimlə məsləhətləşdik və “Zaqatala”ni seçdim.

– Son mövsümü I Divizionda MOİK-lə çempion oldun. Artıq neçə ildir ki, divizionda çempion olan komanda Premyer Liqada iştirak edə bilmir. Düşünmürsən ki, “Zaqatala” ilə də eyni hissləri təkrar yaşaya bilərsən?

Çempionat gedə-gedə, çıxmayacağımızı bilə-bilə yenə mübarizə aparırdıq. Bu çox pis haldı. İlboyu əziyyət çəkirsən, çempion olursan və axırda da PL-ə buraxılmırsan. Yenə eyni hal təkrarlansa təəccüblənmərəm. Normal qarşılayaram.

– Hazırda çıxış etdiyin “Zaqatala” mövsümə heç də yaxşı başlamayıb. Belə zəif çıxışın səbəbi nədi?

Yaxşı komandamız var. Sadəcə çempionata uğursuz start götürdük. “Sabah-2” ilə oyunda qırmızı kart alaraq azlıqda qaldıq, xal itirdik. Sonra “Zirə-2” ilə oyunda üstün tərəf biz olsaq da, qələbə qazana bilmədik. Düşünürəm ki, zamanla daha yaxşı olacağıq.

– Biraz da karyeran haqda. “Xəzər Lənkəran”dakı çıxışınla parladın, daha sonra MOİK-ə keçdin. Hətta “Qarabağ”ın əvəzedici komandasında icarədə oldun…

“Xəzər Lənkəran” dağılmasaydı bəlkə də hər şey başqa cür olacaqdı. Mən “Xəzər”də özümü güvəndə hiss edirdim, rahat idim. Ancaq komanda fəaliyyətini dayandırdı. Daha sonra MOİK-ə gəldim. Ordu klubu məni icarəyə “Qarabağ”a verdi. “Qarabağ”ın əvəzedici komandasında oynadım, hətta Çempionlar Liqası matçına da çıxdım. Sonra yenidən MOİK-ə qayıtdım. MOİK tərəfi “kimsə istəsə də, səni vermərik”, “bizdə oynayacaqsan” – dedilər. Razılaşmaya bilməzdim. Əsgər idim, qalıb orada karyeramı davam etdirdim.

– Divizionda limit məsələsi haqsa neə deyərdin?

Limit olmasa rəqabət daha çox olacaq. Təsəvvür edin ki, 1997-ci il təvəllüdlü futbolçu limitə görə kənarda qalır. Və belədə rəqabət də olmur. 22 yaşlı futbolçu yaşlı sayılır. Nə qədər ki, limit var, gənc futbolçular artıra bilməyəcək. Çünki buna zamanları da az olacaq.

– Zamanında da bölgə klubunda oynamısan, hazırda da. 8 komandalı çempionatda cəmi bir region komandası var. Oyunlar boş tribunalar qarşısında keçirilir. Zaqatalada da bu belədi?

Xeyr. Burda futbol sevilir. Oyunlarımıza azı 400-500 azarkeş gəlir. Nəzər alın ki, bu I Diviziondu və səviyyəcə Premyer Liqadan aşağıdı.

– Son olaraq, PL klublarından təklif almısanmı?

Rəsmi təklif almamışam. Ancaq çox istəyərdim yenidən Premyer Liqada çıxış edim. Özümü sübut etmək istəyirəm!

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43