Kateqoriyasız

“Mən hətta buna gülmək istəyirəm” – De Byazi

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Azərbaycan – Serbiya oyunundan (1:2) sonra təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırdı.

– Mahir Emreli və Namiq Ələsgərov ölkə çempionatının bombardirləridi. Biri start heyətdə yox idi, digəri isə ümumiyyətlə “23-lük”də. Bu, nə ilə bağlı idi?
– Fərqli qərar qəbul etmişdim. Azərbaycanda bombardir olmaq və beynəlxalq səviyyədə oynamaq fərqlidi. Fiziki güclü rəqibə qarşı oynayırdıq. Buna görə fiziki daha güclü futbolçulara ehtiyac duyduq. Hücum oyunçularımız ilk yarıda yaxşı çıxış etdi. Daha sonra hər ikisini əvəzlədik. Təəssüf ki, Mahir erkən zədələnib meydanı tərk etdi. Bununla planlarımız bir qədər pozuldu.

– Belə oyundan sonra əhvalınız necədi?
– Özümü yaxşı hiss edirəm. Əlbəttə, nəticəyə görə narahatam. Fikirləşirəm ki, fərqli nəticə ola bilərdi. Rəqibin hücumçusu Nikola Mitroviç 3 matçda 5 dəfə fərqlənib. Bu gün iki zərbə endirdi və dubl etdi. Bizim 4 yaxşı imkanımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. Fərq bundadı. Oyundan sonra futbolçulara təşəkkürümü bildirdim. Fiziki və texniki baxımdan çox güclü komandaya qarşı oynayırdıq. Komandadan razı qaldım və əminəm ki, inkişafımızı davam etdirəcəyik. Çox istəkli cavan oyunçularımız var. Bəzən səhvlər bizə baha başa gəlir. Bu gün də belə oldu.

– Bir çox səbəb göstərmək, bəhanə tapmaq olar, ancaq nəticə odu ki, komanda 2 matçda xal qazana bilməyib. Yaxın gələcək üçün azarkeşlərə ümidvericii nəsə deyə bilərsiz?
– Bizim oyunlara baxan başa düşər ki, pozitiv məqamlar çoxdu. Bu gün də son 10 dəqiqədə məğlub olduq. Hər oyunda çatışmazlıq tapmaq olar. Bunları düzəltmək üçün çalışmalıyıq.

– Namiqlə bağlı əsas narazılığınız nədi?
– Bütün oyunçuları klublarında da, məşqlərdə də izləyirəm. Namiqi komandadan kənar saxlmamışam. Bu gün fərqli, fiziki güclü komandaya qarşı oynayırdıq və bəlkə də o, dözə bilməzdi.

– Anatoli Nuriyevi əvəzləməyinizin səbəbi nə idi?
– Özü dedi ki, xahiş edirəm, məni əvəzləyin. Çıxanda bildirdi ki, Azər Salahlı da çıxmaq istəyir. O, komanda oyunçusudu. Əvəzləməsəydik də, oynamağa davam edərdi.

– İstədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxta ehtiyacınız var?
– İstəyirsizsə, sizə Albaniya ilə Avropa çempionatına çıxmaq üçün nə qədər vaxt lazım olduğunu deyim: 4 il. İlk iki ildə komandanı hazırladıq, sonra isə nəticə verdik. Serbiya, Danimarka, Ermənistanı qrupda geridə qoyduq. Həmin qrupda Portuqaliya da var idi.

– Bu 4 ildə komanda üzvləri meydana rəqibdən çəkinmədən çıxa biləcəklər?
– Bu gün yaxşı oynadıq. Fiziki, texniki baxımdan fərq görünürdü. İkinci hissədə bir müddət hətta oyana nəzarət etdik, Yolumuz asan deyil. Mən asan işləri sevmirəm. Futbolçular artıq məni başa düşürlər. İnanıram ki, tezliklə fiziki formamız daha yaxşı olacaq. 6 gün əvvəl Portuqaliya ilə oynamışdıq və bu gün artıq futbolçular sonlara doğru əvəzlənmək istəyirdilər, yorulmuşdular. Bu məqamları yoluna qoymalıyıq.

– Son rəqiblərin adı komandanın nəticələrinə bəraət kimi səslənir. Qarşıda daha münasib rəqiblər gəlir. Onlarla da eyni futbolu görəcəyik? Ümumiyyətlə, bu komandanın hədəfi və maksimumu nədi?
– Yaxşı sualdı, mən hətta buna gülmək istəyirəm. Nəyi nəzərdə tutduğunuzu anlayıram. Dünən uşaqlarla bu barədə danışırdım. Qrupda reytinq baxımından 5-ciyik. Əgər bunu dəyişmək istəyiriksə, heç nədən qorxmamalı, minimum səhv etməliyik. İrəliləyiş olduğunu görürəm. İlk yarıda cərimə zərbəsi zamanı ev tapşırığı yerinə yetirdik. Əli Qurbani fərqlənə də bilərdi. Gələcək matçlarda bu fəlsəfə ilə davam edəcəyik. Növbəti rəqiblər belə güclü olmasa da, onların da futbolçuları aAropada çıxış edir. Bizdə yalnız Anatoli Nuriyevdi. O da Ukrayna çempionatının 13-cü pilləsində qərarlaşan komandada oynayır.

– Fərid Nəbiyev adlı azərbaycanlı futbolçunu tanıyırsız?
– Bəli, izləmişik. Çexiya II Liqasında çıxış edir. Düşünürəm ki, indi milliyə çağırdığımız futbolçular daha hazırlıqlıdı. Ancaq onu da izləməyə davam edirik.

– Cəmi bir legioner olduğunu söyləyirsiz. Əvvəllər Dmitri Nazarov, Eddi İsrafilov və digərləri dəvət alırdı. Onların üstündən birdəfəlik xətt çəkmisiz?
– Hazırda ölkə daxilində oynayanları dəvət edirik. Çünki onların arasında anlaşma daha asan olar. Gənc komandayıq. Yolumuz asan deyil. Son illərdə nəticələr yaxşı deyil, bu tendensiyanı dəyişməyə çalışacağıq.

– Aleksey İsayevin debüt oyunundan sonra sosial şəbəkədəki davranışı ölkə ictimaiyyətində xoş qarşılanmadı. Onu milliyə çağırmaqda davam edəcəksiz?
– Özü də başa düşdü ki, çox böyük səhv edib. Həmin dəqiqə də paylaşımı sildi. Onu öldürməyə dəyməz, cavandı. Səhvini başa düşüb.

– Albaniya millisinin futbolçularında olan hansı müsbət xüsusiyyət bizim oyunçularda yoxdu?
– Ötən əsrin 90-cı illərində bəzi səbəblərdən çoxlu alban Avropanın müxtəlif ölkələrinə köçmüşdü. Bunun da təsiri ilə futbolçuların bir çoxu güclü liqalarda çıxış edirdi. Mən ora gedəndə vəziyyət çox yaxşı deyildi. Heç bir azarkeş də inanmırdı ki, biz Avropa çempionatına yüksələ bilərik. Ancaq biz bunu bacardıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43