Kateqoriyasız

Məşhur macar klubunun prezidenti azərbaycanlıdır

Tarixində 31-ci dəfə çempionluğunu rəsmiləşdirən Macarıstanın “Ferentsvaroş” klubunun prezidenti əslən azərbaycanlı Qabor Qubadovdur.

Qubadov Azərbaycanın Naxçıvan bölgəsindəndir, ailəsi ötən əsrdə Macarıstana köçüb. O, 2006-cı ildən Macarıstan Milli Məclisinin deputatıdır.

Atası azərbaycanlı, anası isə macar olan Qubadov orta təhsilini Peşterjebetdə alıb. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışıb. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb.

54 yaşlı funksioner 2008-ci ildə keçirilmiş referendumda və 2009-cu il Macar Avropa Parlamenti seçkilərində fəal iştirak edib. 2006-cı ildən Macarıstan parlamentinin üzvü olan siyasətçi bu il Macarıstanın 10 ən görkəmli şəxsindən biri seçilib. Ailəlidir, Emma, Marsel və Oliviya adında 3 övladı var.

“Ferentsvaroş” Macarıstanın ən titullu klubu sayılır. Ləqəbi “yaşıl qartallar” olan komanda çempionluqlardan əlavə, 23 dəfə ölkə kubokunu qazanıb və 1974/1975 mövsümündə Avropa Kuboklar Kubokunun finalçısı olub. Həlledici görüşdə bu klub Kiyev “Dinamo”suna uduzub – 0:3. “Yaşıl-ağlar”ın hazırkı baş məşqçisi məhz ukraynalı Sergey Rebrovdur.

1899-cu ildə yaranan “Ferentsvaroş” ev oyunlarını 22 min azarkeş tutumuna malik “Qroupama Arena”da keçirir. Stadion məhz 2011-ci il fevralın 15-də klub prezident seçilən Qubadovun dövründə – 2013-cü ildə tikilib. Paytaxt təmsilçisi 2006-cı ildə ölkənin ən yaxşı klubu seçilib.

“Ferentsvaroş” bu mövsüm sona 3 tur qalmış qızıl medalları təmin edərək, Çempionlar Liqasına vəsiqə qazanıb və Azərbaycan Premyer Liqasının qalibi üçün potensial rəqib olub. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43