Müsahibə

“Maaşımı hər iki tərəf verəcək” – Paytaxt klubunu “Şamaxı”ya dəyişən futbolçu

“Şamaxı” klubunun yeni transferi Adil Nağıyevin İdmanxeber.az saytına müsahibəsi.

– İlk öncə yeni komandan “Şamaxı”ya keçidin barədə danışardın. Başqa klublardan da təkliflər var idi?

-“Səbail”dən ayrılmaq üzrə idim. Başqa klublardan da təkliflər vardı. “Şamaxı”dan da əlaqə saxlayıb məni komandada görmək istədiklərini dedilər. Danışdıq, məsləhətləşib buranı daha uyğun bildim. “Şamaxı”da məşqçilər heyəti də, oyunçular da demək olar gənclərdir. Buranı seçmək də məqsədim daha çox oynamaqdır. Təcrübəmlə komandaya faydalı olmaq istəyirəm. Hər oyun yaxşı mübarizə aparan bir kollektiv olmalıyıq.

– “Səbail”lə iki illik müqavilən olsa da, komandadan ayrıldın. Səbəb nə idi?

– Əvvəl “Səbail”də baş məşqçi də, rəhbərlik də qalmağımı istəyirdi. İki illik müqavilə bağlamışdıq. Sonra Azərbaycanda və Gürcüstanda təlim-məşq toplanışı keçirdik. Heç bir oyunda meydana çıxmadım. Mahmud Qurbanov da mənə planlarına daxil olmadığını bildirdi. Ya özümə klub tapmalıydım, ya da “Səbail”in əvəzedici heyətində oynamalıydım. Mən də rəhbərliklə görüşüb danışdım. Onlar da sağ olsunlar, mənə hər cür şərait yaratdılar və bir illik icarə əsasında “Şamaxı”ya keçdim. Razılaşmaya əsasən, əmək haqqımı hər iki tərəf ödəyəcək. Daha dəqiq desəm, yeni klubum maaşımı çox hissəsini, yerdə qalanını isə “Səbail” verəcək.

– Artıq mövsüm başlayır. “Şamaxı”nın çempionatdakı hədəfləri nədir?

– Komandanın hədəfləri elə də böyük deyil. Ancaq çempionatda mübariz bir kollektiv yaratmaq istəyirik. Heç kəsə asan təslim olmayacağıq. Məşqçilər, oyunçular gənclərdən ibarətdir. Futbolçuların çoxunun Premyer Liqa təcrübəsi çoxdur. Əksəriyyəti aşağı yaş üzrə millilərdə çıxış edir. Niyyətimiz cavan oyunçularla təcrübəli futbolçuların birgə səyi ilə yaxşı komanda düzəltməkdir. Azarkeşlərimizi də sevindirməliyik. Rəhbərlik də bizə çox dəstək olur. Ona görə də bu ümidləri doğrutmalıyıq.

– Komandada legioner olmayacaq. Səncə, bunun mənfi təsiri olacaq?

– Bizdə ancaq yerli futbolçulardı. Mən də təzə gəlmişəm, hələ ki klubda əcnəbi futbolçu yoxdur. Açığı, legioner də gətirmək olardı. Sadəcə, klubun strategiyası belədir. Ən azı qışa qədər belə davam edəcəyik. Əsas məqsəd yerli futbolçulara şans verib onların milliyə qədər yüksəlməsinə nail olmaqdır. Bu da rəhbərliyin və məqçilər heyətinin qərarıdır.

– İlk turda “Neftçi” ilə oyanayırsınız. Rəqib bir neçə gün öncə “Rapid”lə oynayıb. Bu yorğunluqdan faydalana biləcəksiniz?

– “Neftçi” kimi komandanın iki heyəti olur. Hansı futbolçuların oynayacağının bizim üçün önəmi yoxdur. Əsas odur ki, biz yaxşı nəticə qazanmalıyıq. Üstəlik, oyun evdə azarkeşlərin önündə olacaq. Çalışacağıq ki, mövsümün ilk matçı bizim üçün yaxşı keçsin.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43