Ölkə futbolu

Mahir Mədətov: “Özümü kimsəyə sübut etmək fikrim yoxdur”

“İştirakım olmayan epizodlarda, mövqeyimdən uzaq baş verənlərdə, hətta komandamız qalib gələn zaman mənə təhqirlər davam edirsə, buna başqa izah verə bilmirəm”.

Bu sözləri “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov ev oyunları zamanı fitə basılmasına cavab olaraq deyib.

Mədətov son oyunlarda qol vura bilməməsini belə izah edib: “Hamıdan çox fərqlənib komandama kömək etmək istəyirəm. Futbol bir komanda oyunudur. Komanda yoldaşım fərqlənirsə, bu, hamımızın uğurudur. Azarkeş də komandanı dəstəkləyir, hansısa bir futbolçunu yox. Hər zamankından daha çox çalışıram ki, komandaya xeyir verim. Düzdür, beynəlxalq oyunlarda hələ qol vurmamışam. Amma inanıram ki, o da olacaq”.

“Özümü kiməsə sübut etmək kimi fikrim yoxdur” deyən hücumçu əsas məqsədinin baş məşqçi Qurban Qurbanovun verdiyi tapşırıqları  yerinə yetirməkdən ibarət olduğunu vurğulayıb: “Futbolçuyam, öz işimi görürəm, baş məşqçinin verdiyi tapşırıqlara əməl edirəm. Üzərimə düşən vəzifəmi, işimi icra etməyə çalışıram”.

Qeyd edək ki, Mahir Mədətov “Qarabağ”ın İngiltərə “Arsenal”ı ilə Avropa Liqası, Azərbaycan yığmasının isə Malta ilə UEFA Millətlər Liqası matçlarında qol epizodlarından yararlana bilmədiyi üçün azarkeşlərin sərt reaksiyası ilə qarşılaşıb.(Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43