Müsahibə

Mahir Şükürov: “Foqts həmişə öz bildiyini edirdi” – MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Karşıyaka” klubunun müdafiəçisi Mahir Şükürovun müsahibəsi

– Yığmamızın toplanışı necə keçir?

– Yığmamız heç də yaxşı günlərini yaşamır. Komanda baş məşqçisiz qalıb, hələlik, Mahmud Qurbanov çalışdırır. İndiki zamanda təcrübəli futbolçular böyük məsuliyyət daşıyırlar. Mən, Rəşad Sadıqov, Kamran Ağayev hər zaman öz köməyimizi göstərməliyik. Norveçlə oyunda komandanı arxamızca daşımalıyıq.

– İndiki zamanda bu, mümkündü?

– Fikrimcə, biz öz meydanımızda yaxşı oynamalıyıq. Azərbaycanlı uşaqların buna nail olacaq gücdə olduğunu sübut etməliyik.

– Berti Foqstun gedişini necə qarşıladız?

– Mənin onun ünvanına mənfi fikir səsləndirə bilmərəm. Çünki altı il onun rəhbərliyi altında oynamışam. Amma bu tsiklin başlanğıcı göstərdi ki, onun getmək vaxtıdı. Təəssüf ki, Foqts heç vaxt yetirmələrinin fikirlərini eşitmirdi. Həmişə öz bildiyini edirdi.

– Sizcə, Xorvatiya ilə oyunda Şükürovla Vaqif Cavadov meydanda olsaydı, nəticə fərqli ola bilərdi?

– Nəticənin daha yaxşı olacağını iddia edə bilmərəm. Mətbuat və yerli futbol mütəxəssisləri sağ olsunlar ki, öz açıqlamaları ilə bizi dəstəklədilər. Hər halda bizim iştirakımız oyunda nəyisə dəyişə bilərdi. Ən azından üç ötürmə edərdim.

– Bəs sizi niyə yığmaya dəvət etməmişdi?

– İnanın ki, bunun səbəbi Bolqarıstana məğlubiyyət deyildi. Özbəkistanla yoxlama oyununa 15 legioner çağırılmışdı. Mən və Cavadov həmin oyundan sonra legionerlərdənsə, yığmaya yerli futbolçuların çağırılmasının daha yaxşı olacağını demişdik. Rusiya ilə oyundan sonra komandanın toplantısı oldu. Həmin toplantıda Foqts mənimlə Vaqifə niyə elə açıqlama verdiyimizə dair sual ünvanladı. Həmin iclasdan sonra mən onsuz da dəvət gözləmirdim. Xorvatiya ilə oyunun nəticəsi məni çox məyus etdi. Türkiyədə insanların “komandanız niyə belə uduzdu” sualına cavab vermək çətin və üzücü idi.

– “Karşıyaka”da işləriniz necə gedir?

– Komanda hələ istədiyimiz kimi çıxış etmir. Təəssüf ki, ev oyunlarımızı neytral meydanda keçiririk. Bütün ev oyunlarımız İzmirdə baş tutur. Əgər öz meydanımızdakı oyunlara 20-25 min azarkeş gəlirdisə, indi azdı.

– Bəs Mahir Şükürovun?

– Orada Mahir Şükürov yox, azərbaycanlı futbolçu deyə müraciət edirlər. Mən orada öz ölkəmi təmsil edirəm. Çalışıram ki, bunu ən yaxşı şəkildə edim. Fikrimcə, hələ hər şey yaxşıdı. Artıq 2-3 klub mənimlə maraqlanır.

– Təsadüfən Super Liqaya transfer olunmağa hazırlaşmırsız?

– Bəli, mümkündü ki, qış fasiləsindən sonra Super Liqa klubunda çıxış edim. “Karşıyaka”dan Super Liqaya getmək çətin deyil. Çünki oyunlarımızı izləməyə çoxlu menecerlər gəlir. Amma digər tərəfdən klubda mənimlə yeni müqavilə imzalamaq da istəyirlər.

Azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43