Ölkə futbolu

Mahir Şükürov: “Son toplanışa dəvət almasam da…”

“Neftçi”nin futbolçusu Mahir Şükürov Azərbaycan çempionatlarının 22 illik tarixində 200 və daha çox oyun keçirən 100-cü futbolçu olub. 

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi karyerasını Premyer Liqada davam etdirən oyunçular arasında 200-cü matçını keçirmiş 21-ci futbolçu kimi tarixə düşüb. Mahir Şükürov bununla bağlı klubun rəsmi saytına danışıb: 

“Hər bir futbolçu istəyər ki, uzun və uğurlu karyeraya sahib olsun. İndiyə kimi keçirdiyim 200 oyundan 68-də “Neftçi”nin forması ilə meydana çıxmışam. İnşallah “Neftçi”də 100-cü oyunumu keçirərəm. Bu komandanın üzvü olmaq qürurvericidir. “Neftçi” ilə karyeramın ən böyük nailiyyətlərinə imza atmışam. Avropa Liqasının qrup mərhələsində oynadıq, çempionluq yaşadıq və ölkə kubokunu qazandıq. İndi bunun davamını gətirmək üçün əlimizdən gələni etməliyik. Çempionatın son oyunlarına komandamız heyətdəki böyük itkilərlə çıxdı. Bu səbəbdən də vacib xallardan məhrum olduq. Amma qarşıda hələ uzun marafon var, ona görə də indidən nəsə demək çətindir. İstərdim ki, “Neftçi” ilə yanaşı milli komandadakı oyunlarımın sayını da artırım. Son toplanışa dəvət almasam da, yığmaya kömək etməyə həmişə hazıram. Məşqçilər hər toplanışda gənc futbolçulara da dəvət göndərib onlara şans verirlər. Bu çox gözəl haldır. Bizim komandadan da Elvin Yunuszadə ilk dəfə olaraq milli komandaya çağırıldı. İnanıram ki, o da yığmada yerini möhkəmlədə biləcək. Mənə də nə vaxt dəvət gəlsə canla-başla oynayaram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43