08 Sentyabr 2024
Kateqoriyasız

Mahir Şükürov: “Xəzər Lənkəran” müdafiədə oturmuşdu” – MÜSAHİBƏ

Premyer Liqanın XXVIII turunda “Neftçi” “Xəzər Lənkəran”ı qəbul etdi. Rəqibini 1-0 hesabı ilə məğlub edən “ağ-qaralar” turnir cədvəlində mövqeyini möhkəmləndirdi. “Neftçi”nin müdafiəçisi Mahir Şükürov oyundan sonra “DailySport”a müsahibə verdi.
 
– Qələbə ilə bağlı fikirlərini bilmək istərdik.
– Çətin qarşılaşma oldu. Ancaq qələbə qazanmaq vacib idi. Buna da nail olduq.
 
– Baş məşqçiniz Böyükağa Hacıyev oyundan əvvəl bildirmişdi ki, bu, bizim üçün adi görüşdü…
– Bilirsiz niyə belə oldu, “Xəzər Lənkəran” yeddinci, biz isə ikinci pillədə qərarlaşmışıq. Bu səbəbdən adi qarşılaşma idi. Əgər rəqib yuxarı pillələrdə yer alsaydı, gərginlik də çox olardı.
 
– Ernest Nforun yıxıldığı epizodda penalti var idi?
– Mən deyəcəm var, orda oturanlar deyəcəklər ki, yoxdu. Ona görə də nəsə deməyim düzgün çıxmaz. Kənardan baxanlar daha yaxşı görürdülər.
 
– Qarşılaşma çox sönük keçdi. Buna səbəb nə idi?
– Biz daim hücumda olduq. “Xəzər Lənkəran” müdafiədə oturmuşdu. Üstəlik, birə-bir oyuna üstünlük verirdilər. Biz ilk dəqiqələrdən hücuma atıldıq. Ümumiyyətlə, “Neftçi” açıq futbola üstünlük verir. Həm də istəyir ki, rəqibi də bu cür oynasın. Onda matç maraqlı alınır. Amma bir tərəf müdafiəyə diqqət yetirirsə, qarşılaşma sönük keçir.
 
– Azarkeş baxımından da bu qarşılaşma əvvəlkilərdən fərqləndi. Cənublu azarkeşlərin stadiona buraxılmamağının oyuna təsiri oldumu?
– Öncə öz fanatlarımıza təşəkkür etmək istərdim. Bildiyimə görə, təxminən 2 min azarkeşimiz stadiona buraxılmayıb. Bu isə futbol prinsiplərinə yaddı. Belə şeylərə son qoymaq lazımdı. Onlar futbola baxmağa gəlirlər, amma sonda döyülürlər, stadiondan qovurlar. Bu üzdən də onlar stadiona gəlməkdən imtina edirlər. Futbolu tamaşaçılar üçün oynayırlar. Azarkeşlər stadiona gələndə biz də həvəslənirik.
 
– “Neftçi”nin çempionluq şansı qalırmı?
– Şans var, hələ heç nə bitməyib. İrəli baxacağıq. Ancaq bizim çempion olmağımıza imkan vermədilər. Bununla belə, qızıl medal qazana bilməsək də, ikinci pilləni tutmağa və kuboka sahib çıxmağa çalışacağıq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43