Ölkə futbolu

Mahirlik etmək

İşində uğurlu, peşəkar, dəqiq, güvəniləcək birinə mahir deyirlər. Mahir usta, mahir bərbər, mahir pinəçi, mahir inəksağan, mahir eşşəkotaran və s.
Azərbaycanda mahir futbolçu olmasa da, Mahir adında biri var. Düzdü, razılaşmaq olar ki, bu futbolçu meydanda çox “tər tökür”, çox çalışır. Amma təkcə bu amil onun mahir futbolçu olmasını şərtləndirə bilməz.

Şükürov öz iç üzünü çoxdan açıb-tökmüş, özünü mediada və el arasında “təsdiqləmiş” biridi. Topaz Premyer Liqasının “Qəbələ” ilə səfər matçında azarkeşlərin onu söyməsinə cavab olaraq Mahirin orta barmağını qaldırması bir müddət geniş müzakirə olundu. Bəziləri futbolçunu müdafiə etməyə qalxdı ki, buna da haqq qazandırmaq olardı. Ancaq zaman göstərdi ki, xalqın gözü tərəzidi. Məsələn, niyə Araz Abdullayev, Ruslan Abışov, Rauf Əliyev, Əfran İsmayılov yox, məhz Mahir Şükürov söyülür? Niyə Kamran Ağayevi təkcə rəqib azarkeşlər qınayır, ancaq Mahiri az qala bütün respublika?

Səbəblər üçün Marsa getməyə ehtiyac yoxdu. Benzinin qiymət artımına rüsvayçı münasibət, fikirlərindəki təzadlar, yaltaqlığın açıq-aşkar sezilməsi səbəbiylə Mahir özünü tamamilə gözdən salıb.

Bu yaxınlarda Şükürov növbəti dəfə “mahirlik” edib, məharətini göstərib. Nazim Süleymanovun “Neftçi”dən vaxtsız gedişi Şükürovu necə sevindiribsə, futbolçunun ayaqları yerdən üzülüb. Mahir bir də onda oyananda görüb ki, Böyükağa Hacıyevin qucağındadı. Böyük də Mahirin başını necə sığallayıbsa, idmançı (üzrlü sayın) geniş müsahibəsində Hacıyevin karyerasının orasından girib, burasından çıxıb.

Yaltaqlığına görə rahatlıqla “premiya” ala biləcək futbolçu iddia edir ki, Süleymanovun vaxtında onlar taktiki yox, uşaq futbolu oynayıblar. Guya Nazim bəyin futbolçulara güvənməməsi nəticəyə təsir edirmiş və məğlubiyyətə aparırmış. Şükürov özü də bilmədən “torba əməliyyatı”nın detallarını da açıqlayıb. Məsələn, o bildirib ki, “Qarabağ”la matçdan öncə futbolçularla toplantı keçiriblər, klub rəhbərliyinə Süleymanovun şikayətini ediblər və s.

Əslində, Şükürovu anlamaq olar. O, yaxşı başa düşür ki, karyerasının son illərini yaşayır və “Neftçi”dən də qovulacağı halda klub tapma ehtimalı sıfıra bərabər olacaq. Belədə Şükürovun Böyükağa Hacıyev qucağındakı sərgüzəştlərinin səbəbləri haqda uzun danışmağa ehtiyac qalmır.

Şükürov Sadıq Sadıqov məhəbbətini də ürəyində saxlamayıb. Dəfələrlə “biz prezidentə görə oynayırdıq”, “istəmirdik Sadıq müəllim məyus olsun” kimi cümlələrlə əsl simasını nümayiş etdirən Şükürov peşəkarlıq normalarını bircə müsahibədəcə yerlə-yeksan edir. Əvvəla, klub daxilində baş verənləri kənarda danışmaq futbolçunun hansı səviyyəyə malik olduğunu aşkar göstərir. İkincisi, məşqçiyə futbolçunun qiymət verməsi klubun hansı qaydalarla idarə olunduğuna işarədi. Üçüncüsü və ən acınacaqlı məqam isə, legionerlərin Süleymanovu döymək istəməsidi. Bunu mən uydurmuram ha, Şükürov özü deyir. Əlavə də edir ki, onlar buna imkan verməyiblər.

Azərbaycanlı futbolçulardan hansını dindirsən kişilikdən, əxlaqdan, mentalitetdən danışacaq. Amma onları elə özlərinin ağızdolusu danışdıqları bu qaydalarla mühakimə etməyə bəs qədər əsas var. Bir qədər peşəkar olun, “mahir” yox…

Məlikməmməd


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43