Müsahibə

Mais Mənsimov: “Problemləri görmək məsələnin bir tərəfidir” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovun müsahibəsi

– Oğuz Çətinin baş məşqçi vəzifəsinə təyin olunması Mustafa Dənizlinin istefasından təxminən 3 həftə sonra rəsmən elan edildi. Qərarın bu qədər gec verilməsinin səbəbi nə idi?

– Dənizli ilə yolların ayrılmasından dərhal sonra komandaya rəhbərlik Oğuz Çətinə tapşırıldı. Çempionatın son turunda da komandanı meydana məhz o çıxarmışdı. Amma bu məsələdə son söz klubun fəxri prezidentinin idi. Yekun qərar verildikdən sonra təyinat rəsmiləşdi.

– Mustafa Dənizlinin istefasından sonra söyləmişdiniz ki, onunla fikirləriniz üst-üstə düşmədi. Bəs Dənizli ilə birlikdə komandaya gələn Oğuz Çətinin fikirləri və baxışları sizə daha yaxındır?

– Oğuz Çətinlə hələ çempionatın son turundan öncə ətraflı müzakirələr aparmışıq, komandanın vəziyyəti ilə bağlı geniş fikir mübadiləmiz olub. O, artıq altı aydır komandanın daxilindədir, və bu müddət ərzində yol verilən nöqsanlar, mövcud olan çatışmazlıqlar barədə tam məlumatlıdır. Problemləri görmək məsələnin bir tərəfidir. Mövcud olan problemləri tez bir zamanda aradan qaldırmaq lazımdır. Burada isə Çətin bilik və bacarığını ortaya qoymalıdır. Klub rəhbərliyi bu işdə ona tam olaraq güvənir.

– Transfer siyasətində hər hansı bir dəyişiklik olacaqmı?

– Klub olaraq transfer işində məşqçilərə lazım olan şəraiti daim tam olaraq yaratmışıq. Son transfer dövründə də Dənizlinin istəyi ilə komandaya kifayət qədər istər yerli, istər xarici futbolçu cəlb olundu. Bütün bunlar heç də az olmayan vəsaitin hesabına başa gəldi. Əlbəttə ki, bu transferləri müqabilində baş məşqçinin qarşısında mövsümü yaxşı nəticə ilə başa vurmaq öhdəliyi qoyulmuşdu. Amma nəticədə, təəssüf ki, gözlədiklərimizin və söz verilənləri tam əksi oldu.

– Mustafa Dənizlinin mətbuatda yayılan son açıqlamalarında onun klubda qalacağı və rəhbər vəzifə tutacağı bildirilir. Bu nə dərəcədə doğrudur?

– Biz Mustafa Dənizli ilə dostcasına ayrıldıq. İşgüzar münasibətlərimiz sona çatdı, amma buna baxmayaraq təcrübəli mütəxəssislə dost olaraq qalacağıq. Oğuz Çətin isə artıq baş məşqçi olaraq işini görəcək və gördüyü işlər haqqında yalnız şəxsən mənə hesabat verəcək.

apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43