Müsahibə

Maksim Medvedev: “7 müdafiəçi ilə oynayırdılar” – MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Maksim Medvedevin idmanxeber.com-a müsahibəsi.

– “İnter”lə oyunda çox da qol imkanlarınız olmadı. Qol imkanlarının kasad olduğu bu oyunla bağlı nə deyərdin?

Biz istəyirik ki, həm çempionat, həm də Avroliqada eyni güclə mübarizə aparaq. Heç birini digərinə görə qurban vermək istəmirik. Azərbaycan çempionatındakı rəqiblər də “Qarabağ”a qarşı oynayanda çalışırlar ki, ən yaxşı matçlarını keçirsinlər. “İnter” bu oyunda hər şey etdi ki, qol buraxmasınlar. Bəzən 7 müdafiəçi ilə də oynayırdılar. Süni meydançada oynamaq asan deyil. Çalışıdq, mübarizə apardıq, bircə qol vura bilmədik.

– “İnter” müdafiə futbolu sərgiləyərək sizə oynamaq imkanı vermədi. Reynaldonu da yaxşı analiz etmişdilər.

“İnter”in müdafiəsində 3 hündürboy  futbolçu oynayır. Bundan əlavə Reynaldonu azı iki oyunçu tuturdu. Artıq Reynaldo rəqiblərin durdurmaqda çətinlik çəkdiyi bir futbolçudu. Əvvəllər Reynaldonu bir müdafiəçi tuturdusa, indi bu iki olub. 

– Qarşıdan “Araz Naxçıvan” və onun da ardından “Dnepr”lə oyun gəlir. Bu oyunlarla bağlı nə deyərdin?

Hazırlaşmaq üçün vaxt az qalıb. Biz “Dnepr”i orda udmuşuqsa azarkeşlər elə fikirləşirlər ki, burda da onları yüzdə-yüz udacayıq. Lakin belə deyil. Hətta onların futbolçuları Bakıya gəlməmişdən öncə iddialı açıqlamalar verirlər. Düşünürəm ki, Bakıdakı oyun çətin olacaq. Öz meydanımızdan, azarkeşlərimizdən yararlanaraq burda da yaxşı nəticə qazanmaq istəyirik. 

– Belə başa düşdüm ki, qələbə sözü verməyə çəkinirsən…

Yenə deyirəm, Bakıdakı oyunda öz oyunumuzu göstərməyə çalışacağıq. Biz Ukraynadan qələbə ilə döndüksə Bakıdakı qarşılaşmada da yaxşı nəticə əldə edə bilərik. Düzdü “Dnepr”lə səfərdə yaxşı oyun göstərmədik. Ancaq nəticə qazana bildik. Bakıdakı oyun “Dnepr” üçün çox çətin olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43