Milli komanda

Maksim Medvedev koronavirusa yoluxdu

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Maksim Medvedev koronavirusa yoluxub.

Bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, noyabrın 16-da 31 yaşlı müdafiəçinin temperaturu qalxıb. “Bu gün isə onun test nəticəsi müsbət olub. Milli komandanın digər oyunçularında və məşqçi heyətində virus aşkarlanmayıb”.

Maksim Medvedev UEFA Millətlər Liqasının 6-cı turunda bu gün Lüksemburqla keçiriləcək matçı buraxacaq.

Daha əvvəl yığmanın digər iki futbolçusu – Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirusa yoluxduğu bəlli olub. Onlar Xorvatiyada karantinə alınıb.

Qeyd edək ki, “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.(Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43