Müsahibə

Maksim Medvedev: “Qarabağ” bir ailədir”

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olacaq.

Matçdan öncə Ağdam klubunun müdafiəçisi Maksim Medvedev idmanxeber.com-un əməkdaşının və jurnalistlərin suallarını cavablandırıb:

– Qarşıdan “Qəbələ” ilə çətin oyun gəlir…

– Bu gündən etibarən məşqlərə başlamışıq. Futbolçularımızın əhval-ruhiyyəsi yüksəkdir. Zədəli oyunçularımız olsa da, düşünürəm ki, heyətdə yer alan futbolçularla “Qəbələ” səfərindən xal qazanmaq olar. Oyundan maksimum nəticə əldə etmək istəyirik. Çünki yüksək pillədə qalmaq istəyiriksə, ən yaxın rəqibimiz olan “Qəbələ”dən xal almalıyıq.

– “Qəbələ” ilə “Qarabağ”ın oyunu mərkəzi oyundu və çempionatda çıxış edən ən güclü iki komanda üz-üzə gələcək. Amma bu matçdan öncə hər kəs hakimlik barədə danışır. Bu, sizdə təəssüf hissi doğurmur ki?

– Məncə, futbolçularımız bu barədə fikirləşmir. Hətta mən də indi bu barədə eşidirəm. Birinci və ikinci yerdə olan komandalar qarşılaşacaq. Meydanda qızğın mübarizə gedəcək. İnanıram ki, nə bizdə, nə də “Qəbələ” futbolçularında hakimliklə bağlı düşüncə yoxdu. Ümid edirəm ki, azarkeşlər stadionu dolduracaq. Çox gözəl bir oyun olacağına inanıram.

– “Qəbələ” ilə oyunu çempionluq yolunda həlledici hesab etmək olarmı?

– Məncə, yox. Çünki qarşıdan hələ çox oyunlarımız var. Hər il, demək olar ki, eyni vəziyyətlə rastlaşırıq. Hər şey dəyişə bilər. Bu gün, ola bilər ki, “Qarabağ” liderdir, amma bu o demək deyil ki, sonadək belə olacaq. Birinci pilləyə yüksəlmək asandı, amma orada qalmaq çox çətindir. Çünki hər tərəfdən təzyiqlər olur, həm klub tərəfdən, həm də media tərəfdən.

– Rəşad Sadıqov, Ağabala Ramazanov və Dani Kintana oynamayacaq. Əfran İsmayılovun da oynayıb-oynamayacağı sual altındadır. Belə bir şəraitdə “Qəbələ” ilə oyunda müdafiənin üzərinə daha çox yük düşəcək. Buna hazırsınızmı?

– Bizim üçün heç bir problem yoxdur. Qol vursaq da, buraxsaq da, bir komandayıq və həmişə də belə olacağıq. “Qarabağ” bir ailədir. Sözün açığı, istəməzdik ki, həmin futbolçular bizimlə oynamasın. Amma futbol elə bir oyundur ki, istər-istəməz kimsə sıradan çıxır. Bu, tək bizə aid deyil “Qəbələ”də də ola bilsin ki, ciddi itkilər var. Komandalar təkcə 11 nəfər futbolçudan ibarət deyil. İstənilən zədələnmiş futbolçunu əvəz etmək mümkündür.

İsmayılzadə İlkin


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43