Müsahibə

Maksim Medvedev: “Xal qazana bilməsək, kitabımız bağlanacaq” ( MÜSAHİBƏ)

“Qarabağ”ın futbolçusu Maksim Medvedev “Kəpəz”lə oyundan sonra İdmanxeber.com-a müshaibə verib.
– Böyükhesablı qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz? 
– Milli komandaların oyunları ilə əlaqədar uzun müddət idi bir yerdə deyildik. Bu oyuna tam yaxşı hazırlaşa bilməmişdik. Amma “Qarabağ” həmişə nəticəyə oynayan komandadır. Bu gün uşaqlar vuruşdular və lazımı 3 xalı qazana bildik. Rəqibin 5 müdafiəçi ilə çıxış etməsi bizim üçün sürpriz oldu. Buna hazır deyildik. Lakin rəqibin qapısına yol tapa bildik. Sonra da “Kəpəz”i 4 müdafiəçi ilə oynamağa məcbur edə bildik. 
– Kapitan Rəşad Sadıqovun yoxluğu müdafiə xəttinizdə hansı çətinliklər yaradırdı?
– Rəşad Sadıqovun az-çox təcrübəsi var, lazımi məqamda danışa bilir. Bir neçə epizodda müdafiə xəttimizdə anlaşılmazlıq başladı. Künc və cərimə zərbələri bir-birini əvəz edirdi. Həmin an Rəşadın olmaması bizə çətinlik yaradırdı. O olsaydı, bəlkə də belə vəziyyətlər olmayacaqdı. Amma ümumilikdə nə Bədavi Hüseynov, nə də Elvin Yunuszadə pis çıxış etmədi. Qələbə üçün sonadək vuruşdular. 
– Ötən mövsüm “Qarabağ”ın erkən çempion olacağı haqda fikirlərin oyununuza pis təsir etdiyini deyirdiniz. İndi də 13 turdan sonra ən yaxın izləyiciniz “Qəbələ”ni 9 xal qabaqlayırsınız…
– Fərqi yoxdur, 9 olmur, lap 10 olsun. Hansı futbolçuya “Artıq 9 xal qabaqdasınız, çempion olmağa nə var ki…” dedikdə ona təsir edir. Bu gün “Qarabağ”da elə bir heyət var ki, hansısa futbolçu çaşsa, baş məşqçi onu yerində oturdacaq ki, belə fikirlər olmasın, mövsümün sonunadək mübarizə aparaq və ötən mövsümdəki kimi durduğumuz yerdə xal itirməyək. 
– Amma etiraf edək ki, ötən mövsümkü “Simurq”, “Neftçi” bu mövsüm yoxdur…
– Bu mövsüm “Simurq”, “Neftçi” yoxdursa, “Kəpəz”, “Zirə”, “Sumqayıt” kimi komandalar var. Onlar çox yaxşı çıxış edirlər və öz oyunlarını tapıblar. Deməzdim ki, ötən mövsümkü kimi rəqiblər yoxdur. Məsələn, “Zirə” bütün iddialı komandalardan xal almağı bacarıb. 
– Qarşıdan “Tottenhem”lə Avropa Liqası matçı gəlir. Bu oyun barədə nə düşünürsünüz?
– Oyuna az qalıb. İnanıram ki, yaxşı hazırlaşa biləcəyik. Artıq “Kəpəz”lə matçı yaddan çıxarıb fikirlərimizi “Tottenhem”lə qarşılaşmaya yönəldirik. Bilirik ki, ağır oyun olacaq. Çünki “Tottenhem” İngiltərənin ən yaxşı komandalarındandır. Yalnız vuruşacağıq, başqa yolumuz yoxdur. 
– Nə qədər çətin olsa da, demək olarmı ki, bu, “Qarabağ” üçün növbəti mərhələyə yüksəlmə baxımından son şansdır?
– Əlbəttə. “Tottenhem”lə matçda xal qazana bilməsək, belə demək olar ki, bizim üçün kitab bağlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43