İdman

“Mançester Siti”nin sabiq üzvü “Kəpəz”də! – EKSKLÜZİV

“Kəpəz”in İngiltərə vətəndaşı olan, əslən liberiyalı futbolçu ilə danışıqlar apardığını söyləmişdik.

İdmanxeber.com həmin futbolçunun kim olduğunu öyrənə bilib. 26 yaşı olan oyunçunun adı Aleks Nimelidi. 1.80 sm boya malik futbolçu hücum xəttində çıxış edir.  Yaxın günlərdə əcnəbi oyunçunun “Kəpəz”ə keçidi rəsmən açıqlanacaq. 

“Kəpəz”ə qədər 9 fərqli klubda top qovan legioner demək olar, heç birində möhkəmlənə bilməyib.  Peşəkar karyerasına 2006-cı ildə başlayan  hücumçu 2009-cu ildə İngiltərənin 20 yaşlılardan ibarət komandasının formasını geyinib və hətta bir dəfə fərqlənməyi də bacarıb. Çıxış etdiyi ilk klub 2006-cı ildə, Kamerun kollektivi “Koton Sport” olub. Burada 2 mövsüm oynadıqdan sonra  Nimeli İngiltərə nəhənglərindən “Mançester Siti”yə keçib. “Şəhərlilər”in heyətində 3 mövsüm ərzində nadir hallarda heyətə düşən oyunçu 2011-ci ildə “Midlsbro” kollektivinə icarəyə verilib. Müvafiq olaraq ardıcıl iki mövsümü icarə əsasında “Koventri Siti” və “Kristal Pelas” komandalarında keçirən Aleks Nimeli, 2014-2015-ci ildə yenə bir ingilis klubu olan “Port Vale”yə transfer olunub. 1 mövsüm ərzində cəmi 1 dəfə meydana çıxan liberiyalı 2016-cı ildə yolunu Rumıniyadan salıb. “Timişoara” kollektivinə qoşulan futbolçu burada da möhkəmlənə bilmədiyindən, elə həmin il  adıçəkilən ölkənin digər klubu “Viitorul”la anlaşıb. Lakin bu da Aleks Nimelinin sonuncu iş yeri olmayıb. O, ən son Norveç təmsilçisi “Stabek”in şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43