Layihə

Medalçılarımızı avrokuboklara aparan yol (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı dördüncü yazısı.

Beləliklə, ölkə çempionatımızda daha bir mövsümə yekun vuruldu. Mövsüm boyu həm meydanda, həm də meydandan kənarda bir sıra maraqlı anlar yaşandı. Lakin bütün bunların sonunda layiq olanlar layiqli yerlərdə qərarlaşdılar.

Ötən il ölkəmizi Avropada layiqincə təmsil edən “Qarabağ” və “Qəbələ” bu mövsümün də çempionluğa iddialı idi. Hələ çempionat başlamadan öncə də bu iki komanda arasında gərgin mübarizə gedəcəyi gözlənilirdi. Mövsümün daha bir iddialısı da “İnter” idi. Baxmayaraq ki, komandaya FİFA tərəfindən transfer qarağası qoyulmuşdu, amma futbolçular stabilliyi qoruyaraq medalçılar sırasına düşdü və Avroliqaya vəsiqə qazandı.

Sözsüz ki, mövsüm boyu hər üç komanda ciddi çətinliklərlə, maneələrlə üzləşmişdi. Lakin butün bunlara sinə gələn medalçılar mövsüm sonunda istədikləri nəticəni əldə etmişdilər. Budəfəki yazımızda sözügedən 3 komandanın avrokuboklara vəsiqəni necə qazanmasından danışacağıq. İlk olaraq son çempion və ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”dan başlayaq…

“Qarabağ”

Komanda mövsümə elə də uğurlu start vermədi. Ağdam klubu ilk oyundaca “İnter”ə 2:1 hesabı ilə məğlub olmuşdu. Lakin bu, “köhlən atlar”ı “sındırmadı”.  Özünü toparlayan Qurban Qurbanovun komandası növbəti oyunda “Sumqayıt”ı məğlub etdi 2:0. Ardınca “Neftçi”yə 3:0 hesabı ilə qalib gələn ağdamlılar 4-cü turda AZAL-a futbol dərsi keçdi – 6:0. Nisbətən özünə gələn komanda növbəti xalını 6-cı turda Gəncədə itirdi. Səfərdə “Kəpəz”in qonağı olan ağdamlıları məğlubiyyətdən Reynaldonun qolu xilas etdi. Komanda 7-ci turda “Qəbələ”yə də məğlub olaraq, ilk dövrəni 12 xalla 3-cü pillədə tamamladı. Əslində, bu da başadüşülən idi. Qurban Qurbanov əsas fikrini Avropa Liqasına verdiyi üçün ölkə çempionatı nisbətən arxa plana düşmüşdü. İkinci dövrə birinciyə nisbətən “Qarabağ” üçün daha yaxşı keçdi. Əsas rəqibləri olan “İnter” və “Qəbələ”nin xallar itirməsindən maksimum yararlanan Ağdam təmsilçisi 7 oyunun 6-da qələbə, 1-də isə heç-heçə əldə etdi. Bununla da, “Qəbələ” ilə xallarını bərabərləşdirən çempion fasiləyə birinci pilləni bölüşərək yollandı. İkinci dövrədə “Qarabağ”la “Qəbələ” arasında keçirilən matç isə uzun müddət müzakirələrə səbəb oldu. “Azərsun Arena”da baş tutan matçda baş hakim Rəhim Həsənovun qərarları “Qəbələ” tərəfini “coşdurdu”. Əyalət təmsilçisi sözügedən matçda məğlubiyyətin səbəbini məhs hakim qərarlarında görürdü.

Üçüncü dövrə “Qarabağ” üçün heç də yaxşı keçmədi. Ağdam klubunun qış transfer pəncərəsində ciddi transferlər edəcəyi gözlənilsə də, bu, baş vermədi. Komanda “Neftçi”dən Elşən Abdullayevi və “İnter”dən Ağabala Ramazanovu heyətinə qatdı. “Köhlən atlar” Namiq Ələsgərovu “Neftçi”yə, Reynaldonu isə Türkiyənin “Adanaspor”una satdı. “Qarabağ” üçün gözlənilməz hallardan biri Dani Kintananın zədələnməsi oldu. 16-cı turda AZAL-la qarşılaşmada diz bağlarından zədələnən ispaniyalı futbolçu üçün mövsüm başa çatdı. Lakin bu, Ağdam klubunun planlarını pozmadı. “Neftçi” ilə heç-heçə edən, “İnter”ə isə məğlub olan “Qarabağ” 3-cü dövrəni 45 xalla tamamladı. Bu göstərici ilə Ağdam təmsilçisi lider “Qəbələ”dən 2 xal fərqi ilə geri qalırdı.

Son dövrə “Qarabağ”ın dönüş nöqtəsi oldu. Tamamilə oturuşmuş komanda göstərdiyi oyun səviyyəsiylə alqışlara layiq idi. Bunun nəticəsi kimi, komanda əsas rəqibi “Qəbələ”nin gözlənilməz xal itkilərindən maksimum yararlanaraq, ilk pilləyə yiyələndi və rəqibini 4 xal qabaqladı. Komanda çempionluğunu isə sona 2 tur qalmış rəsmiləşdirdi. 26-cı turda “Qəbələ”nin “Kəpəz”ə məğlub olması, “Qarabağ”ın isə “İnter”ə qalib gəlməsi Ağdam klubunun çempionluğunu rəsmiləşdirdi. Beləliklə, Qurban Qurbanovun komandası ardıcıl 4-cü dəfə ölkə çempionu olaraq, Premyer Liqa tarixində ilkə imza atdı.

“Qəbələ”

“Qarabağ”dan fərqli olaraq, “Qəbələ” mövsümə çox uğurlu start vermişdi. Komandanın ilk dövrədə sərgilədiyə oyundan sonra bir çoxları hətta “Qəbələ”nin çempion olacağını da düşünürdü. Komanda ilk dövrədə keçirdiyi 7 matçın yalnız 1-də heç-heçə etmişdi. Bundan əlavə, “qırmızı-qaralar” bu matçlardan heç birində qapısından top buraxmamış, rəqib qapılarına isə 19 dəfə yol tapa bilmişdi. Əyalət təmsilçisi ilk dövrədə yalnız “İnter”ə qalib gələ bilməmişdi. Komanda elə ikinci dövrənin ilk matçında da “İnter”lə görüşdə xal itirdi – 1:1. Növbəti görüşdə “Sumqayıt”la da 2:2 hesablı bərabərlik əldə edən “qırmızı-qaralar” 10-cu turda itirilən xalların hirsini yenə “Neftçi”dən çıxdı. İlk dövrədə rəqibinə 8:0 hesabı ilə qalib gələn əyalət təmsilçisi bu dəfə də fürsəti boşa vermədi – 4:1! Lakin komanda 2-ci dövrədə elə də uğurlu çıxış ilə yadda qalmadı. Lazımsız yerə itirilən xallar komandanın turnir cədvəlindəki yerinə ciddi təsir etdi. Bu səbəbdən komanda qış fasiləsinə ilk pilləni “Qarabağ”la bölüşərək yollandı.

Qış fasiləsi zamanı heyətini 3 yeni futbolçu (Araz Abdullayev (“Neftçi”), Daniel Subotiç (“Şerif”, Moldova), Rasim Ramaldanov (“Kolxeti”, Gürcüstan)) ilə gücləndirən “Qəbələ” klubunu 3-cü dövrənin ən yaxşısı hesab etmək olar. Komandanın yeni transferlərindən olan Daniel Subotiç də keçirilən qarşılaşmalarda öz sözünü deməyi bacardı. Hücumçu komandanın qazandığı xallarda böyük pay sahibi oldu. O, 3-cü dövrədə keçirdiyi 6 oyunda 3 qol vura bildi.

Komanda 3-cü dövrənin ilk oyununda “Sumqayıt”la 1:1 hesablı bərabərlik əldə etdi. Növbəti iki turda “Neftçi” və AZAL-a qalib gələn komanda 18-ci turda “Zirə”ylə oyunun son dəqiqəsində qələbəni əldən verərək 1 xalla kifayətləndi. 19-cu turda isə komanda “Qarabağ”la qarşılaşdı. Çempionluğa oynayan hər iki komanda üçün bu matç çox önəmli idi. Bundan əlavə, geridə qalan turlarda hər iki komanda haqqında böyük səs-küy doğuran olayların olması bu matçın gərgin keçəcəyindən xəbər verirdi. Fevralın 19-da keçirilən görüşdə gülən tərəf “Qəbələ” oldu. S.Zenyov və F.Ozobiçin vurduğu qollar sayəsində əyalət təmsilçisi 3 xal qazandı. Komanda 20-ci turda yenə xal itirdi. Gəncədə “Kəpəz”lə qarşılaşan “qırmızı-qaralar” 1:1 hesablı bərabərlik əldə etdilər. 3-cü dövrənin son oyununda isə əyalət təmsilçisi “İnter”in qonağı oldu. Maraqla gözlənilən oyun “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

3-cü dövrədə aktivində 4 qələbə 3 heç-heçəsi olan “Qəbələ” 47 xalla ən yaxın izləyicisi “Qarabağ”I 2 xal qabaqlayırdı.

4-cü dövrə “Qəbələ” üçün fiasko oldu. Gözlənilmədən itirilən xallar komandanı çempionluqdan yavaş-yavaş uzaqlaşdırırdı. Bu fürsəti boşa verməyən “Qarabağ” isə çempionluq yolunda inamla addımlayırdı.

“Qırmızı-qaralar” 4-cü dövrəyə məğlubiyyətlə başladı. Komanda “Neftçi”yə 1:0 hesabı ilə məğlub oldu. Ardınca autsayder AZAL-la bərabərə (1:1) qalan komanda növbəti turda “Zirə” ilə bacarmadı – 1:1. “Qarabağ”la arasındakı 4 xallıq fərqi aradan qaldırmaq üçün əyalət təmsilçisi 25-ci turda Ağdam klubunu məğlub etməliydi. Lakin bu baş vermədi – 0:0. Son şans isə “Kəpəz”lə oyunda itdi. Belə ki, səfərdə Gəncə təmsilçisinə 2:0 hesabı ilə məğlub olan “Qəbələ” çempionluqla vidalaşdı. 27-ci turda dogma meydanda “İnter”I məğlub edən komanda gümüş medallarına qovuşdu. Əyalət təmsilçisi Premyer Liqanın son turunda da məğlub oldu. “Sumqayıt”la qarşılaşan “qırmızı-qaralar” 2:1 hesabı ilə uduzdular. Turnir cədvəlini 2-ci pillədə tamamlayan “Qəbələ” ölkəmizi Avropa Liqasında təmsil edəcək.

“İnter”

Mövsümün ən xoş sözlərə layiq olan komandalarından biri, bəlkə də birincisi “İnter”dir. Transfer qadağası olan komanda mövsüm ərzində daha bir ağır zərbə aldı. Komandanın əsas sponsoru olan Beynəlxalq Bankın klubdan üz döndərməsi “İnter”i pis vəziyyətdə qoydu. Lakin bütün bunlara baxmayaraq, Zaur Svanadzenin komandası mövsümü bürünc medallarla başa vurmağı bacardı. Şübhəsiz ki, komandada maliyyə problemləri baş verməsəydi, son dövrədə çempionluğa oynayan “İnter” görə bilərdik. Kim bilir, bəlkə də mövsüm boyu göstərdiyi oyuna görə çempion da ola bilərdilər… Lakin komandaya bu yolda həm maliyyə, həm də zəif rəqiblərlə oyunlarda itirilən xallar mane oldu.

“Bankirlər” mövsümə çox yaxşı start verdilər. Elə mövsümün ilk oyununda “Qarabağ”ı məğlub etmələri, ikinci turda “Qəbələ” ilə bərabərə qalmaları çox şeydən xəbər verirdi. Ötən il cəza səbəbindən Avropa Liqasında çıxış edə bilməyən “bankirlər”in yalnız bir cəbhədə mübarizə aparması komandanın əsas üstünlüyü idi. Ardıcıl 10 oyunda məğlubiyyət acısı yaşamayan “İnter” ilk məğlubiyyətini “Neftçi”dən aldı – 2:1. Bu, Premyer Liqanın 11-ci turuna təsadüf etdi. Komanda ilk dövrədə 15 xal toplayaraq 2-ci pillədə qərarlaşdı.

Ikinci dövrədə yalnız “Neftçi”yə məğlub olan “bankirlər” cəmi iki qələbə qazana bildi ki, bu da “Sumqayıt” və AZAL üzərində oldu. Komanda digər dörd matçda heç-heçəylə razılaşdı. Qış fasiləsinə aktivində 25 xalla yollanan “bankirlər” turnir cədəlində ilk “3-lüy”ü qapayırdı.

Komanda qış fasiləsində heyətinə yeni futbolçular cəlb edə bilmədi. Bununla belə,  fasilə zamanı iki aparıcı futbolçusunu itirdi. Belə ki, “bankirlər”in əsas futbolçularından olan Ağabala Ramazanov “Qarabağ”a, Ruslan Abışov isə “Neftçi”yə transfer edildi. Bundan əlavə, komandanın sponsoru olan Azərbaycan Beynəlxalq Bankı da klubu maliyyələşdirməkdən imtina etdi. Bu, komandanın mövsüm sonunacan çətin oyunlar keçirəcəyindən xəbər verirdi. Buna baxmayaraq, “bankirlər” 3-cü dövrəyə inamlı başladı. Dövrənin ilk matçında doğma meydanda “Kəpəz”i qəbul edən “bankirlər” 4:1 hesablı qələbə qazandı. Komanda 16-cı turda “Sumqayıt”ın qonağı oldu. Dramatik matç 2:2 hesabı ilə başa çatdı. “Bankirlər” 17-ci turda “Neftçi”yə 3:1 hesabı ilə məğlub olsalar da, 18-ci turda AZAL-dan 3 xal almağı bacardı. 19-cu turda “Zirə”ni qəbul edən “İnter” bu matçdan 1 xalla ayrıldı. Komanda 20-ci turda əzmkarlıqla vuruşaraq “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdi. Dövrənin son oyununda isə komanda “Qəbələ”ni qəbul etdi. Gərgin keçən matç “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşdı.

4-cü dövrədə komanda mövsüm boyu ən uğursuz dövr oldu. 22-ci turda “bankirlər” “Sumqayıt”ı məğlub etsələr də, növbəti turda yenə “Neftçi”yə məğlub oldular – 2:1. Komanda mövsümdə son qələbəsini 24-cü turda AZAL üzərində qazandı – 2:1. Son xalı isə “Zirə”dən aldı. 25-ci turda “Zirə”yə qarşı keçirilən matçda 1:1 hesablı bərabərlik əldə edən “bankirlər”in bürünc medal qazanacağı rəsmiləşdi. Lakin komandanın hələ də “gümüş” qazanmaq şansı var idi. Bunun üçün onlar 26-cı turda “Qarabağ”I, 27-ci turda isə “Qəbələ”ni məğlub etməliydi. Lakin bu baş vermədiyi üçün komanda “bürünc”lə kifayətlənməli oldu. Əslində, bütün çətinliklərə rəğmən “bürünc” qazanmaq da “İnter” üçün böyük uğur sayıla bilər.

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43