Ölkə futbolu

Məhəmməd Qurbanov “Sumqayıt”dan niyə ayrıldı?

Ölkə çempionatı başa çatdıqdan sonra Sumqayıtın eyniadlı komandası bir neçə futbolçu ilə yollarını ayırdı. Həmin futbolçularına arasında komandanın hücumçusu Məhəmməd Qurbanov da var idi. Maraqlıdır ki, futbolçu komandadan heç də xoşluqla ayrılmayıb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçu baş məşqçi Samir Abasovla arasında olan mübahisədən sonra komandadan göndərilib.

Premyer Liqanın 27-ci turunda səfərdə "Qarabağ"la qarşılaşan "Sumqayıt" 2:1 hesablı məğlubiyyətə üzülmüşdü. Sözügedən matçın 36-cı dəqiqəsində baş məşqçi Samir Abasov Məhəmmədi Nasir Abilayevlə əvəzləmişdi. Elə hadisələr də bundan sonra cərəyan edib. Əvəzlənməsinə əsəbiləşən Məhəmməd Samir Abasovla mübahisə edib. Matçdan sonra futbolçuları bir araya toplayan mütəxəssis növbəti turda "Qəbələ" ilə oyuna daha yaxşı hazırlaşmaq lazım olduğunu, Məhəmməd Qurbanova isə məşqlərdən azad edildiyini bildirib. Növbəti turda isə sözügedən oyunçunun adı "Qəbələ" ilə matçın iştirak ərizəsinə daxil edilməyib. Daha sonra isə o, komandadan ayrılıb.

Xatırladaq ki, mövsümün gedişində Kamran Abdullazadə də baş məşqçi Samir Abasovla mübahisə etmişdi. Nəticədə, o da komandadan ayrılmışdı.

Cari mövsüm "Sumqayıt"ın heyətində 22 oyun keçirən Məhəmməd Qurbanov 2 qol vurub. Futbolçunun "Səbail"ə keçəcəyi ilə bağlı məlumatlar da var.

İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43