Ölkə futbolu

“Mənim kimi uzun zamandır futbol oynamayan birisi üçün bu…”

“İlk qolumu vurdum. Sevindirici haldır ki, bu debüt oyunumda baş verdi. Amma ən əsası odur ki, qol komandamın işinə yaradı, qələbə qazandıq. İlk oyuna çıxmaq həmişə çətin oyun olur. Mənim kimi uzun zamandır futbol oynamayan birisi üçün bu ikiqat çətin və məsuliyyətlidir. Son rəsmi oyunumu may ayında keçirmişdim. Artıq futbolsuz günlərim arxada qaldı. Düşünürəm ki, debütüm normal alındı”.

Bu sözləri Topaz Premyer Liqanın 6-cı turunda AZAL-la (1:2) matçda debüt edən və qələbə qoluna imza atan “Qəbələ”nin futbolçusu Daniel Subotiç klubun saytına açıqlamasında deyib.

İsveçrə vətəndaşlığını daşıyan hücumçu növbəti oyunlarda da komandasına yararlı olacağına inandığını bildirib. Futbolçu qol anından danışmağı da unutmayıb:

“Qol epizodunda öncə başla oynamağı düşündüm. Amma son anda fikrimi dəyişdim, topu sinəmlə ram etdim və zərbə vurdum. Pis alınmadı. İlk oyundaca 90 dəqiqə meydançada olmaq çətindir. Bunun üçün yüksək fiziki hazırlıq gərəklidir. Oyuna yaxşı hazırlaşmışdıq. Amma düşünürəm ki, öz üzərimdə hələ çox işləməliyəm. Növbəti oyunlarda da qollarımı davam etdirəcəyimə və komandama yararlı olacağıma inanıram”.

Xatırladaq ki,  24 yaşlı hücumçu klubun 160-cı futbolçusu kimi tarixə düşdü. O, bu siyahıda milliləşənlər də daxil olmaqla 74-cü legioner oldu ki, bu oyunçular da 28 ölkəni təmsil edir. Subotiçin vurduğu qələbə qolu “Qəbələ”nin tarixi ərzində rəqib meydanlarında vurulan 150-ci – yubiley qolu oldu. 135-ci səfər oyununda 150-yə çatan “qırmızı-qaralar”  26 dəfə I dəstədə, 17 dəfə kubokda, 107 dəfə Premyer Liqada fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43