İdman

Mərakeş Turunda uğurlu start

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Mərakeşdə təşkil olunan 10 günlük “Tour de Maroc” yarışına uğurla başlayıb.

İdmanxeber.com-un məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun ilk mərhələsi yığma komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb.

148,7 km məsafəni hamıdan tez – 3 saat, 31 dəqiqə, 51 saniyəyə başa vuran təmsilçimiz ən yaxın izləyicisini 13 saniyə qabaqlamaqla “solo-finiş” edib. İlk mərhələdəki qalibiyyət Kirili həm də ümumi təsnifatın lideri edib. Bundan başqa, o sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib.

İlk mərhələni 20-də başa vuran velosipedçilər arasında “Synergy Baku”nun daha 2 üzvü var – Elçin Əsədov 9-cu, Yosip Rumaç 14-cü olub. Bu gün keçiriləcək 2-ci mərhələdə iştirakçılar 146 km məsafə qət edəcəklər. Qeyd edək ki, Mərakeş Turu komandamız üçün mayın 3-7-də keçiriləcək “Tour d’Azerbaidjan” yarışına hazırlığının əsas hissəsini təşkil edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43