Müsahibə

Migel Lorenso: “Hansı kluba keçəcəyimi hələ bilmirəm”

“Zirə”nin portuqaliyalı müdafiəçisi Migel Lorenso Sportal.az saytına müsahibə verib.

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– Zədəniz nə yerdədir. Nə zaman qayıdırsız?

– Çiyin və dirsəyimdən zədə almışdım. Hazırda özümü yaxşı hiss edirəm. Bu həftədən etibarən məşqlərə başlayacam. “Kəpəz”lə oyunda iştirak edə bilməsəm də, növbəti matçlardan komandama kömək edə biləcəm.

– Növbəti oyun səfərdə “Kəpəz”lədir. Komandanızdan hansı nəticəni gözləyirsiniz?

– Çətin stationda keçəcək bir oyunda qələbə qazanmağımızı istəyirəm. Yaxşı formadayıq və bu oyun bizim üçün çox vacibdir. Çox yaxşı futbolçulardan ibarət komandamız var. Hər oyunda 3 xalı qazana bilərik.

– Çempionatın bitməsinə 7 tur qalıb və 5-ci pillədəki izləyicinizi 4 xal qabaqlayırsız. Avropa Liqasına vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiniz?

– Düşünürəm ki, “Zirə” Avropa Liqasında iştirak edə biləcək gücdədi. Biz bunun üçün mübarizə aparırıq. Ümid edirəm ki, sonda sevinən tərəf biz olacağıq.

– Premyer Liqanın səviyyəsindən razısınız?

– Bəli, çox rəqabətli komandalardan ibarət liqanız var. Burada ən sonuncu yerdə qərarlaşan komanda belə rəqibdən xal almağı bacarır. Bu, çempionat üçün müsbət bir haldır.

– “Zirə”də icarə əsasında çıxış edirsiniz. Mövsümün sonunda Portuqaliyaya qayıdacaqsız, yoxsa “Zirə”də qalmaq istəyirsiz?

– Hazırda mənim üçün ən vacib şey “Zirə” klubu və onun məqsədləridir. Bildiyiniz kimi, mən bura “Vitoriya”dan icarə əsasında keçmişəm. Başqa klublardan heç bir təklif almamışam və mövsümün sonunda həqiqətən də nə baş verəcəyini bilmirəm.

– “Zirə”dəki karyeranızı necə qiymətləndirirsiniz?

– Məncə, yaxşı bir mövsüm keçdi. Mənim üçün ölkəm xaricində yeni bir təcrübə olsa da, çox razıyam. Düşünürəm ki, yaxşı oyun sərgilədim və bundan sonra da komandam üçün bacardığım qədər kömək edəcəm.

– Bura gəlməmişdən əvvəl Azərbaycan futbolu haqda düşüncələriniz necə idi və hazırda hansı fikirləriniz var?

– Doğrusu, Azərbaycana gəlməmişdən öncə, bura və futbolu haqqında heç bir məlumatım yox idi. Lakin indi mehriban insanlarla əhatəli bir şəhərdəyəm. Bakı haqqında sadəcə, xoş xatirələrim var.

– Bir portuqalın Bakı həyatını necə təsvir etmək olar?

– Burada olmaq, fərqli ölkə, fərqli mədəniyyət  deməkdir. Dostlarıma ölkəniz və şəhəriniz haqqında çox danışmışam. Onlara məsləhət görürəm ki, buranı mütləq görməlisiz. Bakıda etməli və görməli çox şeylər var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43