Müsahibə

Migel Madera: “Rəqib 9 nəfərlə müdafiə olunursa məcbursan ki …” (MÜSAHİBƏ)

“Qarabağ”ın ispaniyalı futbolçusu Migel Madera  “İnter”lə matçdan sonra İdmanxeber.com-a müsahibə verib.

– Oyunla bağlı fikirlərini bilmək istəyrdim.

Oyun çətin keçdi. Ancaq əsas olan qəıləbəni qazandıq və məqsədimizə biraz da yaxınlaşdıq.

–  Sanki təkqapı oyun gedirdi. Darıxdırıcı olmadı sizin üçün?

– Əgər rəqib 9 nəfərlə müdafiə olunursa məcbursan ki, topu özündə saxlayasan. Buna görə də biz bütün oyunu topa nəzarət etməyə, hücumlar qurmağa çalışırdıq. Bu qədər müdafiə olunmalarına rəğmən, biz kifayət qədər qol epizodu yarada bildik.

– Adətən ispan futbolçular sakit oyun tərzinə üstünlük verirlər. Amma sənin oyununda daha çox aqressivlik hiss olunur. Bunun səbəbi nədir?

– Meydana çıxanda diqqətimi tamamilə oyuna yönəldirəm. Bəzən hisslərimə nəzarət edə bilmirəm. Bu zaman məşqçilər korpusu kənardan xəbərdarlıq edir.

– Mövsümün əvvəlində “Qarabağ”a transfer olunan futbolçular arasında heyətə düşmək baxımından çətinlik yaşayacağın gözlənilirdi. Amma gedişat bunun əksini ortaya qoydu və hazırda həmin futbolçulardan ən çox meydanda olan sənsən.

– Mən mövsümün əvvəlində formada deyildim. Üstəlik, Premyer Liqaya uyğunlaşmağım lazım idi. İndi isə yaxşı formadayam. Mənə şans verirlər, mən də bundan yararlanıram.

– “İnter”lə kubok oyununda da qarşılaşacaqsınız. Həmin oyunun da sizin üçün belə rahat keçəcəyini gözləyirsənmi?

– Çətin oyun olacaq. Çünki “İnter” bu dəfə bizə qarşı daha yaxşı hazırlaşacaq. Üstəlik, oyun süni örtüklü meydanda keçiriləcək. Bu da bizim üçün əlavə çətinlik yaradacaq. Asan olmasa da, həmin matçdan da qalib ayrılacağımızı düşünürəm.

– “Qarabağ”la cari mövsüm çempion olsan, bu karyeranda ilk çempionluq olacaq. Əzmkarlığınızı buna bağlamaq olarmı?

– İndiyə qədər iki dəfə kubok qazanmışam. Amma çempionluq sevinci yaşamamışam. Bu hissi yaşamağı çox istəyirəm.

– “Qarabağ”ı İspaniyanın hansı klubuna bənzədirsiniz?

– Topla çox oynamaq istəyinə görə “Barselona”, “Las Palmas”, “Rayo Valekano”ya bənzətmək olar. Amma keyfiyyətə gəldikdə, aradakı fərq çox böyükdür. Həm də fərqli çempionatlar olduğuna görə müqayisə aparmaq da düzgün deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43