08 Dekabr 2019
Ölkə futbolu

Mikayıl Cabbarovun etimadından sui-istifadə edənlər

“Sabah” klubunun mövsümə uğursuz start verməsi bir çoxlarını təəccübləndirsə də, bunun bir çox səbəbləri var. Mövsümün əvvəlindən bir çox səvviyyəli legioneri heyətinə qatan komanda hələ də istədiyi çıxışı göstərə bilmir. Ancaq hazırda klubun əsl problemi nə oyunçular, nə də indiki məşqçilər heyətidir. “Sabah” hazırda ölkənin ən qaranlıq üslubu ilə idarə olunan klubudur. Mikayıl Cabbarovun himayəsində olduğu deyilən klub son vaxtlarda qazandığı nəticələr turnir cədvəlində öz əksini tapır. Cabbarovun başının daha vacib işlərə qarışması hazırkı klub rəhbərliyi üçün də ələdüşməz fürsətə çevrilib. Ölkə başçısının bir neçə nazirliyi birləşdirərək Cabbarova həvalə etməsi ona qarşı olan güvənin göstəricisidir. Ancaq İqtisadiyyat naziri Mikayıl Cabbarovun himayəsində olan paytaxt təmsilçisi bir qrup işbilməzin əlində qalıb. Belə görünür ki, Mikayıl Cabbarov ölkə rəhbərliyinin güvənini qazansa da,  özünün etibar etdiyi adamlar ona qarşı saxtakarlıq edirlər. Belə ki, klub idarəedicilərini komandanın uğursuz çıxışını dərd etmək əvəzinə yalnız ayrılan büdcə maraqlandırır. Komandanın heyətində Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə kimi hazırda millinin də ən yaxşı formada olan oyunçuları olsa da, “Sabah” rəqabətsiz Azərbaycan çempionatında belə iki-üç oyun ard-arda uda bilmir. Sözsüz ki, bunun səbəbi klubdaxilindəki çəkişmədən xəbər verir. Əslində isə mövsümün əvvəlindən Mikayıl Cabbarova verilən söz başqa olub. Hazırkı rəhbərlik bunu nə qədər gizlətməyə çalışsa da, klubun hədəfi avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparmaqdır. Klub rəsmiləri əvvəlcə uğursuzluğun əsl səbəbkarı kimi məşqçi Elşad Əhmədovu göstərib onu vəzifədən uzaqlaşdırdı. Lakin Əhmədovun klubda qaranlıq işlərin döndüyünü və bunu rəhbər şəxslərə deyəcəyi hədəsinin ardından idarəedicilər “rol”u dəyişdirdilər. Sözsüz ki, ötən mövsüm komandanın bütün əziyyətini çəkən Əhmədov indi yarıtmaz rəhbərlik tərəfindən bir kənara atılmağı qəbul etməzdi. Əhmədovun bu hədəsindən sonra rəhbərlik qorxuya düşərək onu tez-tələsik klub prezidentinin müşaviri vəzifəsinə təyin etdi. Ancaq Elşad Əhmədov özü də heç süddən çıxmış ağ qaşıq deyil. Əldə etdiyimiz məlumata görə, klubdakı baş məşqçi səlahiyyəti hələ də onun özünə məxsusdur. Elə bu səbəbdən 2 aydan çoxdur ki, “Sabah”da əsl baş məşqçi xaosu yaşanır. Gah komandanın köməkçi məşqçisi Rövşən Babayev, gah da hazırkı baş məşqçi görünümü yaradan İqor Ponomaryov öz aralarında məşqçilik oyunu oynayırlar. Əslində isə bütün qərarları verən Elşad Əhmədovdur. Təbii ki, bu cür bazar alverçiləri təfəkkürü ilə idarə olunan klubda dünyanın ən yaxşı oyunçuları belə çıxış edə bilməzlər. Əgər Mikayıl Cabbarov bir an öncə hazırkı klub rəhbərliyinə bir tədbir görməsə, “Sabah” Azərbaycan futbolunun ən arzuolunmaz simasına çevriləcək.

 

Oxşar xəbərlər

“Neftçi” Nikolas Kanalesi qaytarır

admin

DYP-dən Kamran Ağayevin radarlarının silinməsinə münasibət – VİDEO

admin

Yuri Syomin: “…hər şey məhv oldu”

admin