Dünya futbolu

“Mil-Muğan”ın futbolçusu: “Ramil Diniyev də insandı, o da səhv edə bilər”

Azərbaycan 1-ci divizionunun 19-cu turunda “Mil-Muğan” doğma meydanda “Zaqatala”ya 1:0 hesabı ilə məğlub oldu.

Matçdan sonra “Mil-Muğan”nın futbolçusu Ramazan Həsənov idmanxeber.com-a müsahibə verib:

– Öz meydanımızda oynayırdıq. Çox istəyirdik ki, qalib gələk. Amma alınmadı. Komanda son zamanlar sanki “qara zolağ”a düşüb. Artıq 3 oyundur ki, məğlub oluruq. Əslində, bu oyundan xalla ayrılacağımıza inanırdıq. Sadəcə, bəzi şeylər istədiyimiz kimi getmədi.

– Son 3 oyunda uduzmağınızın səbəbi nədədir? Sanki futbolçular arasında anlaşılmazlıq, aqressivlik var…

– Yox, komandada heç bir problem yoxdur. Bu, gördüyüm ən yaxşı kollektivdir. Sadəcə, bəzi şeylər istədiyimiz kimi getmir. Komandanı bu vəziyyətə biz gətirmişik, 3 oyundu  məğlub oluruq, amma komandanı bu vəziyyətdən çıxardacaq futbolçular da bizik. 

– Ardıcıl məğlubiyyətlər komandanın turnir cədvəlindəki mövqeyini də zəiflətdi. Hazırda 8-ci pillədəsiniz. Mövsüm sonunacaq bu vəziyyətdən çıxa bilərsinizmi?

– Düzdür, mövqeyimizi itirdik, amma onu da deyim ki, divizionda hal-hazırda komandaların xalları bir birinə çox yaxındır. Bu səbəbdən ardıcıl 3 oyunda məğlub olmağımız yerimizi itirməyimizlə nəticələndi. Buna baxmayaraq, biz ardıcıl 2 və ya 3 oyunda qalib gələ bilsək yenidən yüksək pillələrə qalxa bilərik. İnanıram ki, növbəti oyunlarda qalib gələ biləcəyik. Qarşıdan “Şəmkir”lə səfər oyunumuz var. Çalışacağıq ki, həmin oyunda qalib gələk və qələbə seriyalarımıza start verək.

– Oyunun sonlarına yaxın Emin Mehtiyevlə aranızda mübahisə düşdü. Nə baş vermişdi orda?

– Yox, mən onunla dostam. Meydanda belə hallar baş verir. Sadəcə, həmin vaxt aramızda anlaşılmazlıq oldu. Amma daha sonra bir-birimizdən üzr istədik, hər şey qaydasına düşdü.

– Oyunun sonlarında iki dəfə əllə oyuna görə penalti iddianız oldu. Həmin epizod barədə fikirlərinizi bildirərdiniz…

– Ramil Diniyev də insandı, o da səhv edə bilər. Necə ki, biz səhv edib qol buraxdıq… Biz sadəcə, gördük ki, top rəqib futbolçunun əlinə dəyib. Bu səbəbdən etirazımız oldu. Amma ola bilər ki, R.Diniyev bunu görmədiyi üçün penalti verməyib.

– Amma ikinci epizod onun gözü qarşısında baş vermişdi…

– Biz oyunun videoyazısına baxacağıq. Həm özümüzü, həm də həmin epizodu analiz edəcəyik. Buna baxmayaraq, artıq olan oldu və biz məğlub olduq. Növbəti oyunlara hazırlaşmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43